Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı

05:39 01-05-2024 | icon 1120
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı

Artıq üçüncü ildir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı belə mühüm bir idman tədbiri həyata keçirilir. Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov avarçəkmə üzrə "Prezident Kuboku 2024" beynəlxalq reqatası barədə danışarkən deyib.

Millət vəkili qeyd edib ki, sözün əsl mənasında Azərbaycanda avarçəkmə idman növü möcüzələr yaradır: “Etiraf etməliyik ki, güləş ölkəmizdə çox populyardır. Bu idman növü üzrə beynəlxalq yarışlarda pəhləvanlarımız yüksək nəticələr əldə edir, medallar qazanırlar. Artıq avarçəkmədə də idmançılarımız elə nəticələr əldə edirlər ki, bununla sadəcə, fəxr edə bilərik. Dünən də son dərəcə sevindirici xəbər aldıq. Avarçəkənimiz Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu həm Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə, həm də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qazandığı zəfərə böyük bir töhfədir”.

Nəsirovun sözlərinə görə, avarçəkənlərimiz bu yarışda və Fransada keçiriləcək Olimpiya Oyunlarında tarixi uğurlara imza atacaqlar: “Bəlkə də çoxları güman etmirdi ki, avarçəkmə üzrə idmançımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Amma fakt budur ki, idmançılarımız, sadəcə, iki ildir bu idman növündə öz sözlərini deməyə başlamalarına rəğmən, əldə edilən uğur göz qabağındadır. Hər bir idmançımıza uğurlar arzu edir, sonsuz güvənirik”.

Qeyd edək ki, “Prezident Kuboku 2024” beynəlxalq reqatası mayın 3-də başa çatacaq. Yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.


Digər xəbərlər

0.32065677642822