Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Dünənin karvanı sabaha doğru” adlı tədbir keçirildi

15:32 13-11-2017 | icon 3921
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Dünənin karvanı sabaha doğru” adlı tədbir keçirildi
10 noyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Qadınlar Şurası ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə “Dünənin karvanı sabaha doğru” adlı tədbir keçirildi.
Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası önündə ucaldılmış abidəsinə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirdilər.
Tədbirdə öncə Yeni Azərbaycan Partiyasının tarixinə, ümummilli lider Heydər Əliyevin, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Daha sonra tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq, partiyanın Qadınlar Şurası ilə birgə belə bir mötəbər tədbirin Binəqədi rayonunda keçirilməsindən məmnun olduğunu bildirdi. Sədr Yeni Azərbaycan Partiyasının tariximizin ağır günlərində yarandığını və sonradan bu partiyanın dövlətimizin çiçəklənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstədiyini bildirdi. Qeyd etdi ki, bütün bunlar partiyaya sədrlik etmiş ümummilli lider Heydər Əliyevin uzaqgörən və dövlətimizin rifahına hədəflənmiş uğurlu siyasi strategiyasının məntiqi nəticəsi idi. Bu gün də bu siyasətin cənab İlham Əliyev tərəfindən davam etdirilməsi qazanılan nailiyyətlərin davamlı olmasına əsaslı zəmin yaradır. Məhz bunun nəticəsidir ki, Azərbaycan daha da inkişaf edir, öz nüfuzunu durmadan artırır. Ramiz Göyüşov çıxışının sonunda bütün partiya üzvlərini, tədbir iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə təbrik etdi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva da partiyanın keçdiyi ağır və şərəfli tarixi yola nəzər saldı. Partiyanın təsis edildiyi illərdə ölkəmizin ciddi problemlərlə üz-üzə qaldığını, xalqımızın çox çətin günlər yaşadığını vurğuladı. Lakin partiyanın yaranması və dahi şəxsiyyət Heydər Əliyevin xalqın inam və etimadının sayəsində prezident seçilməsindən sonra dövlətimizin qüdrətlənməyə və inkişaf etməyə başladığını diqqətə çatdırdı. Nurlana Əliyeva bu gün ölkəmizdə sosial problemlərin öz həllini tapdığını və xalqımızın daha da yaxşı yaşaması üçün dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlardan bəhs etdi.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sistemindəki əhəmiyyətli yerindən və rolundan bəhs etdi. Bildirdi ki, bu partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycan düşdüyü çətin vəziyyətdən xilas oldu, hədəfləyi bütün məqsədlərə nail oldu və xalqımız öz nicat yoluna qədəm qoydu. Partiyanın yaranarkən müxalifətdə olmasına baxmayaraq qısa müddət ərzində iqtidara gəlməsi Azərbaycan xalqının ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevə olan böyük inam və etibarından qaynaqlanırdı. Xalqımız düşdüyü ağır vəziyyətdən onu xilas edə biləcək yeganə şəxsiyyətin Heydər Əliyev olduğunu anlayırdı. Məhz bu səbəbdən də xalq dahi şəxsiyyətə üz tutdu. Beləliklə, xalqımızın ziyalı oğul və qızlarının təşəbbüsü və xahişi ilə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev bu partiyaya sədrlik etməyə başladı, daha sonra isə xalq səsverməsinin nəticəsi olaraq prezident seçildi. Bahar Muradova ölkəmizin qazandığı çoxsaylı uğurlardan danışaraq bütün bunların həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu söylədi. Bütün xalqımızı, qadınları Heydər Əliyev ideologiyası ətrafında sıx birləşməyə çağırdı.
Tədbirdə həmçinin çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda aktiv fəaliyyətindən söhbət açdılar. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınlarının bütün sferalarda uğurlar qazandığını və bu uğurların ölkəmizin daha da çox inkişaf etməsinə zəmin yaratdığını vurğuladılar.
Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan, bu partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd etdi. Partiyanın sıralarının günbəgün artmasını, sosial bazasının daha da möhkəmlənməsini ulu öndər Heydər Əliyev ideologiyasına etimadın və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söylədi. Xalqımız öz gələcək taleyini bu ideologiyaya bağlamaqla nə qədər uzaqgörən və müdrik olduğunu bir daha sübut etmiş oldu. Bu ideologiya xalqımızı həmrəy etdi, dövlətimizi daha da inkişafa və tərəqqiyə apardı. Partiyanın cəmiyyətin inkişafına, xüsusilə gənclərin hərtərəfli inkişafına yaratdığı şəraiti yüksək qiymətləndirdi.
Tədbir rəsmi hissə bitdikdən sonra bədii hissə ilə davam etdirildi. Bədii hissədə əməkdar artist İlkin Əhmədov və Binəqədi rayonundan olan istedadlı uşaqların, gənclərin ifasında ulu öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirildi.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Digər xəbərlər

0.28151202201843