Nurlana Əliyeva: Tarix YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi

12:29 17-11-2017 | icon 719
Nurlana Əliyeva: Tarix YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi
loading...

«Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu». Bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən Azərbaycan hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizin sərvətlərinə göz tikən bədxah qüvvələr Azərbaycanı xaos meydanına çevirməyə və öz maraqları əsasında idarə etməyə çalışırdılar. İnsanlar həmin dövrdəki rəhbərliyin ölkəni xilas edəcəyinə inanmırdılar. Məhz belə bir dövrdə güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac olduğu üçün insanların mənəvi gücünü səfərbər etmək, ölkəmizi düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək naminə Ulu öndər Heydər Əliyev vətənpərvər ziyalıların təkidli çağırışlarını və müraciətlərini nəzərə alaraq YAP-ı yaratdı. YAP-ın yaranması həm də tarixi zərurətin nəticəsi, sosial sifariş – çağırış idi.  İlk günlərdən partiyanın sıralarına ən nüfuzlu şəxslər, ziyalı və vətənpərvər insanlar toplaşdı. Əslində, YAP  xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları, sanki, yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı.

«Tarix özü YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi. Ötən müddət ərzində partiyamız dövlətimiz və cəmiyyətimizin inkişafına misilsiz, layiqli töhfələr verdi, vətənpərvər, ziyalı insanları öz ətrafında sıx birləşdirdi. Bu gün xalqın partiyası olan YAP Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında gündən günə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrlik etdiyi YAP ötən zaman kəsiyində xalqın inam və etimadı əsasında bütün seçkilərdə möhtəşəm qələbələr qazandı,  öz fəaliyyətini uğurla davam etdirdi. Partiyamızın 25 illik yubileyi respublikamızın hər bir bölgəsində bayram əhvalında, təntənəli şəkildə qeyd edilir. Bu, xalqımızın Yeni Azərbaycan Partiyasına dərin rəğbət və hörmətinin bariz nümunəsidir»- deyə, N.Əliyeva vurğulayıb.


Digər xəbərlər

0.18888902664185