Mərkəzi Neftçilər Xəstəxanası günün tələblərinə tam cavab verir

14:41 30-11-2017 | icon 3589
Mərkəzi Neftçilər Xəstəxanası günün tələblərinə tam cavab verir

 

Bu qocaman səhiyyə müəssisəsi hazırda dünya tibb sənayesinin ən yeni nailiyyəti olan müasir avadanlıq və cihazlarla təchiz edilmiş, insanlara layiqincə xidmət göstərən, peşəkarların çalışdığı çoxprofilli, modern klinikadır.


Söhbət Azərbaycanın səhiyyə tarixində önəmli yeri olan Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) gedir. 

Xəstəxananın həyatında son illərin ən əhəmiyyətli hadisəsi isə bu qurumun Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tərkibinə daxil edilməsidir. Ötən müddət ərzində MNX-da qazanılan çoxsaylı uğurlar bunun nə qədər düzgün qərar olduğunu göstərdi.
2012-ci ildən mən burada baş direktor kimi Leyla xanım Seyidbəyova fəaliyyət gostərirəm. Bu müddətdə xəstəxanada 8 şöbə təmir olunaraq ən müasir avadanlıqla təchiz edilib, kilinikanın həkimləri tərəfindən çox sayda çətin, mürəkkəb əməliyyatlar aparılıb, yüzlərlə xəstələr gəlib, şəfa taparaq evinə dönüb.

Xəstəxananın yeni avadanlıqla təchizatı işi indi də davam etdirilir.

Xəstəxana rəhbərliyi  hər zaman çalışır ki, buraya müraciət edən hər kəs onlardan razı getsin. Tutduğu vəzifədən asılı olmayaraq, müəssisənin işçi heyətinin məramı budur. Bura üz tutan hər pasiyent həssas münasibət və peşəkar diqqətlə əhatə olunur. Dünyanın aparıcı klinikalarının da təcrübəsi göstərir ki, pasiyentlərə hərtərəfli qayğı normaya çevrilirsə, bu, uğur gətirir. Uğurlar da inkişafın hərəkətverici qüvvəsidir. Bu yanaşmanın bəhrəsi isə klinikanın yüksək peşəkar tibb müəssisəsi nüfuzunu qazanmasıdır ki, bu da hökmən özünü insanlarımızın sağlamlığında və MNX-nın hər bir fərdinin maddi rifahının yüksəlməsində büruzə verir. Ümumiyyətlə, tibbi xidmət sənətində xırda, əhəmiyyətsiz məqam yoxdur, ən kiçik diqqət nümunəsi belə, böyük uğurların açarına çevrilə bilir.
Sevindirici haldır ki, son illər xəstəxanada bir sıra mütərəqqi ənənələr də formalaşıb. Bunlardan biri “xəstə həkimə doğru” formulundan “həkim xəstəyə doğru” formuluna keçiddir. Məhz həmin ənənə çərçivəsində həkimlər briqada şəklində Azərbaycanın müxtəlif bölgələrində olur, orada mürəkkəb cərrahi əməliyyatlar yerinə yetirirlər. İndiyədək mütəxəssislər Lənkəran, Astara, Qəbələ və digər bölgələrdə neçə-neçə böyrəkköçürmə və açıq ürək əməliyyatlarını uğurla aparıblar. MNX-nın həkim briqadası ildə bir dəfə Naxçıvanda olur və orada kifayət qədər mürəkkəb əməliyyatlar kecirir.
Daha bir ənənə ümumxalq bayramlarında, əlamətdar günlərdə pulsuz xidmət aksiyalarıdır. Xəstəxananın təsərrüfat hesablı müəssisə olmasına baxmayaraq, belə tədbirləri genişləndirməyə çalışılır. Bu aksiyalar barədə əvvəlcədən televiziyada elan verilir. Həmin günlərdə xəstəxanaya çoxsaylı vətəndaşlar müraciət edir və kollektiv  də onların hamısına kömək üçün əlindən gələni əsirgəmir.
Diqqətəlayiq haldır ki, xəstəxanaya MDB ölkələrindən, digər yaxın xarici dövlətlərdən müraciətlər davam edir. Son vaxtlar Gürcüstandan, Qazaxıstandan gəlmiş pasiyentlərin əməliyyatını müvəffəqiyyətlə həyata keçirilib.


Ölkəmizdə ürək cərrahiyyəsinin pionerlərindən olan MNX-nın kardiocərrahlarının yüksək peşəkarlığı hər kəsə məlumdur. Uşaq ürək cərrahiyyəsi sahəsində də xəstəxana Azərbaycanın öndə gedən tibb ocaqlarındandır. Eyni zamanda, klinikanın bizi daim qürurlandıran orqan transplantasiyası şöbəsi də yarandığı gündən uğurla fəaliyyət göstərir. İndiyədək burada 300-ə qədər böyrək və 100-ə qədər qaraciyər köçürülüb.
Hazırda Azərbaycanda icra olunan xroniki böyrək çatışmazlığı üzrə proqramın böyrəkköçürmə ilə bağlı bəndləri əsas etibarilə MNX-da həyata keçirilir. Hemodializə gəlincə, on il bundan əvvəl ölkəmizdə cəmi iki-üç yerdə dializ mərkəzi var idisə, Prezident İlham Əliyevin səhiyyəmizin inkişafına daimi qayğısı sayəsində bu gün belə mərkəzlərin sayı onlarladır. MNX-da da Hemodializ şöbəsi artıq neçə ildir uğurla fəaliyyət göstərir. Burada hazırda təqaüddə olan neftçilərimiz və haqqında danışdığım Dövlət Proqramı üzrə daxil olan xəstələr vaxtaşırı müalicə alırlar.

Baş direktor  Leyla xanım MNX-nın beynəlxalq əlaqələrinin hazırkı vəziyyəti haqqında ətraflı məlumat verir.

- Bu istiqamətdə də fəaliyyətimiz uğurla davam etdirilir. Hər il Türkiyə Standartlar İnstitutunun ekspertlərini xəstəxanamıza dəvət edirik və onlar MNX-nın fəaliyyətini, bütün otaqların vəziyyətini, müayinə, müalicə və əməliyyatların aparıldığı məkanlardakı şəraiti, hər bir sahədə yaradılmış imkanların müasir dünya təcrübəsinə uyğunluğunu diqqətlə təhlil edirlər. Xəstəxanamız neçə ildir ki, bu nüfuzlu qurumun medalına layiq görülür.
Bundan başqa, dövlət başçısının qayğısı sayəsində bir çox tibb müəssisələri kimi, MNX-nın da həkimləri xarici ölkələrdə ixtisas artırmağa göndərilir. Onlar əsasən Türkiyədə uzmanlıq mərhələsini keçərək geri dönür və pasiyentlərimizə daha yüksək səviyyədə tibbi yardım göstərirlər. Amerika, Almaniya, Yaponiya və başqa ölkələrdə təcrübə keçən həkimlərimiz də var.
Dünya təcrübəsindən bəhrələnməyin nümunələrindən biri kimi, damarlarda, xüsusən də beyin damarlarında genişlənmənin tibbi müdaxilə nəticəsində uğurla aradan qaldırılması ilə bağlı yeniliyin tətbiqini göstərmək olar. Dünyada yeni-yeni yayılmaqda olan bu unikal müalicə üsulu 2000-ci ilin əvvəllərində ilk dəfə İsveçrədə yaradılıb. Biz bu müalicə istiqamətini mənimsəmək üçün orada təcrübə keçmiş türkiyəli mütəxəssis Əhməd Məmişi xəstəxanamızda işləməyə dəvət etdik. O, MNX-da çalışdığı müddətdə yerli kadrlardan tələbələr hazırladı. İndi özu Respublika Diaqnostika Mərkəzində fəaliyyət göstərsə də, yetirmələri burada xəstələrimizə uğurla xidmət edirlər.

MNX-nın son illər əldə etdiyi nailiyyətlər təkcə bu tibb müəssisəsinin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin, ölkə rəhbərliyinin uğurlarıdır. 2005-ci ildə professor Oqtay Şirəliyevin səhiyyə naziri təyin olunması ilə Azərbaycan səhiyyəsində canlanma yarandı. Prezidentin tapşırıqlarına uyğun olaraq, ölkəmizin bölgələrində tibb müəssisələrinin inşası, əsaslı təmiri və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlandı. Bu gün Bakıda və regionlarımızda tibbin ən yeni nailiyyətlərinin bacarıqla tətbiq edildiyi çox sayda səhiyyə ocaqları fəaliyyət göstərir.
Rəqabət həmişə var və olacaq. Biz də çalışırıq ki, sağlam rəqabət olsun. Çünki o, inkişafa stimul verir. MNX-nın rəhbərliyi daim mütərəqqi təşəbbüsləri dəstəkləyir, yeni müalicə üsul və istiqamətlərinin yaradılması, inkişafı üçün əlindən gələni əsirgəmir.
Ümumiyyətlə, hansı tibb müəssisəsində çalışmasından asılı olmayaraq, həkimlərimizin amalı xalqımıza xidmət etmək, insanlarımızı sağlamlığına qovuşdurmaqdır.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, tezliklə bütün ölkə əhalisinin tibbi sığorta sistemi üzrə müayinə və müalicəsinə başlanacaq. Bu, insanların öz sağlamlıqlarına həssas yanaşmaları ilə yanaşı, bütövlükdə səhiyyəmizin daha sürətli inkişafına yol açacaq. Belə ki, həkimə getmək üçün maddi qayğısı olmayan şəxslər keyfiyyətli müalicə üçün həkimlərini də özləri seçə biləcəklər. Nəticədə, bacarıqlı, hazırlıqlı həkimlərə tələbat daha da artacaq, sağlam rəqabət güclənəcək. Müayinə və müalicə işində əsas meyar həkimin peşəkarlığı, klinikanın bundan qaynaqlanan nüfuzu olacaq.


Digər xəbərlər

0.26954698562622