Bakıda tanınmış ginekoloqdan təqdirəlayiq addım

02:17 29-12-2017 | icon 6139
Bakıda tanınmış ginekoloqdan təqdirəlayiq addım

Yüksək riskli hamiləlik və doğum üzrə mütəxəssis, cərrah mama-ginekoloq Dr.Səbinə Mirzəyeva 27 dekabr tarixində riskli hamiləlik yaşamış analar və onların körpələri ilə özəl görüş keçirib.

“Azərbaycan” kinoteatrında baş tutan bu xüsusi tədbirdə Dr.Səbinə Mirzəyevanın nəzarəti altında dünyaya gələn 100-dən çox müxtəlif yaşlı körpələr və onların valideynləri iştirak ediblər.

Dr.Səbinə Mirzəyeva qarşıdan gələn yeni il münasibətilə təşkil etdiyi bu tədbirdə riskli hamiləlik dönəmi yaşamış xanımlar başda olmaqla, bütün qonaqları salamlayaraq, ürək sözlərini məhz bu cür ifadə edib:

“Hər bir xanım mənim üçün özəldir. Bu 17 illik fəaliyyətim dövründə xanımlara bağlılığım bir az da artıb. Bu illər ərzində biz daha da yaxın olmuşuq, daha da doğmalaşmışıq. İllərlə ana olmaq arzusu ilə yaşayan, sonunda bu arzusunu reallaşdırmaq imkanı ilə üzləşən, ana olacağını öyrənən və hamiləlik müddətində müxtəlif çətin vəziyyətlərlə, gərgin risklərlə üzbəüz qalan xanımlarımız, sizin mənim həyatımdakı, xatirələrimdəki və öz dünyamdakı yeriniz və rolunuz isə tam fərqlidir. Çünki mən sizinlə mən olmuşam. Çünki məni Dr.Səbinə Mirzəyeva edən siz olmusunuz. Çünki siz mənim tibbdəki imzamsınız. Siz mənə, mənsə sizə arxalanaraq, bütün problemlərə birgə sinə gərmişik, istənilən maneələri birgə dəf etmişik və bütün riskli vəziyyətlərdən birgə üzüağ çıxmışıq. Siz bu gün ona görə xoşbəxtsiniz ki, suallarla, şübhələrlə dolu günlər artıq geridə qalıb və siz öz sapsağlam körpələrinizə qovuşmusunuz. Mən isə ona görə xoşbəxtəm ki, bu gün siz hamınız yenə də mənim yanımdasınız”.

Dr.Səbinə Mirzəyeva pasiyenti olan əksər qadınların yalnız ana olana qədər deyil, hətta ana olduqdan illər sonra belə onunla isti münasibəti qoruduqlarına görə özünü xoşbəxt həkim adlandıraraq, hamının bayramını təbrik edib:

“Əgər bu isti münasibətlərimizin təməlini atmaqda cəhd edən tərəflərdən biri mən olmuşamsa, digəri də siz olmusunuz. Buna görə sizə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin çoxluğunuz, mənim vaxtımın azlığı səbəbilə illərin necə keçdiyini hiss etməyə macal tapmasam da, bir filmə, bir kitaba, bir ömürə sığmayacaq illəri geridə qoyduğumuzun fərqindəyəm. Şən və pozitiv, xoş və mənalı, unudulmaz və dəyərli anlarla yadda qalan 2017-ci ilin bizimlə vidalaşmasına, yarım qalan arzularımızın davamını görmək istədiyimiz, övladlarımızın uğur yüksəkliklərinin şahidi olacağımız 2018-ci ilin qapımızı döyməsinə sayılı günlər qalıb. Bu üzdən üzümüzə gələn yeni ilə yüksək əhval-ruhiyyə və enerji dolu pozitiv düşüncələrlə qədəm qoymağınızı arzu edirəm. Övladlarınızla bağlı beyninizdə qurduğunuz bütün planlar və ürəyinizdə götür-qoy etdiyiniz ən böyük xəyallar belə gerçəkliyə qovuşsun”.

Dr.Səbinə Mirzəyevanın zalda böyük alqış sədaları altında qarşılanan çıxışından sonra qonaqlar üçün təşkil olunmuş maraqlı şouproqram başlayıb, sonra isə çizgi filmi nümayiş olunub. Mərasimdə iştirak edən qonaqlar Dr.Səbinə Mirzəyevanın 2017-ci ildə göstərdiyi fəaliyyəti ilə bağlı statistik məlumatları əks etdirən xüsusi fotoafişalarla tanış olublar. Körpələrin və hətta onların valideynlərinin hər biri maraqlı hədiyyələr və unudulmaz xatirələrlə zalı tərk ediblər.

Xatırladaq ki, Dr.Səbinə Mirzəyeva hazırda “Baku Medical Plaza” klinikasında cərrah mama-ginekoloq vəzifəsində çalışır.
O, 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında “YÜKSƏK RİSKLİ HAMİLƏLİK VƏ DOĞUŞ” üzrə təhsil proqramına yiyələnib.

Ağrısız doğuş, qeysəriyyə kəsiyi, histeroskopik, laparoskopik, ginekoloji estetik və uroginekoloji əməliyyatlar üzrə peşəkar həkim kimi fəaliyyət göstərən Dr.Səbinə Mirzəyeva illərlə ana olmaq arzusu ilə yaşayan qadınların müalicəsi ilə də məşğuldur. 

 



Digər xəbərlər

0.25175380706787