Qaradağ rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub

11:17 30-12-2017 | icon 4330
Qaradağ rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub

29 dekabr 2017-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq evində bayram tədbiri keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Hüseynov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbirdə iştirak edənləri və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Bir neçə gündən sonra vidalaşacağımız 2017-ci ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu bildirdi. Respublikamızın bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını xüsusi vurğuladı. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam edib.
Rayonumuzda açılan yeni sənaye müəssisələri, yenidən qurulan yollar, qəsəbələrin  abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir.
Natiq qeyd etdi ki, ötən il ölkəmiz üçün çox əhəmiyyətli olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qaradağ mərhələsi may ayının 3-də təntənəli şəkildə qeyd olunmuşdur. Ümumiyyətlə,  IV İslam Həmrəyliyi Oyunları zamanı üzərimizə düşən vəzifələr layiqincə yerinə yetirilmişdir.
30 oktyabr 2017-ci il tarixində Ələt qəsəbəsində Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı ölkəmiz və bölgə üçün böyük iqtisadi və siyasi əhəmiyyət kəsb etmişdir.
Ötən ilin ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri və Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər barədə”  22 yanvar 2016-cı il tarixli 8 nömrəli qərarı ilə “Pilot layihə” formatında qəzalı qamış binalarının yerində inşa edilmiş ilk binanın açılışı olmuşdur. Həmin gün yeni mənzil alan sakinlərə mənzillərin açarları təqdim edildi. Bu hadisə yeni mənzil alan sakinlərin böyük sevincinə səbəb olmuş və onlar görülmüş bütün işlərə görə ölkə rəhbəri cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Hüseynov çıxış edərək tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, onlara 2018-ci ildəki fəaliyyətlərində uğurlar arzuladılar.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən 35 nəfərə fəxri fərman və dəyərli hədiyyələr təqdim edilmişdir.
Tədbir musiqi ifaçılarının çıxışları ilə davam etdi.


Digər xəbərlər

3.5967779159546