Rəhbər vəzifədə işləmək istəyənlərin nəzərinə! - Bakıda imtahan olacaq

01:08 10-01-2018 | icon 4329
Rəhbər vəzifədə işləmək istəyənlərin nəzərinə! - Bakıda imtahan olacaq

Yanvarın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən  verilən məlumata görə, kompüter vasitəsilə aparılacaq imtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında təşkil olunacaq. İmtahana qeydiyyat yanvarın 10-dan 24-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (Ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün online qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə müraciət etməlidirlər. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər. Qeydiyyatdan keçən namizədlərin elektron kabinetdə qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” və “İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM ilə yazışmaların operativliyinin təmini üçün namizədin özünə məxsus elektron poçtdan istifadəsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır.

Namizədlərə qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları tövsiyə olunur. İmtahanda davranış qaydaları ilə tanış olmaları üçün namizədlər “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik” broşürü, test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları, test imtahanı proqramları, “Namizədin yaddaş kitabçası” ilə tanış olmalıdırlar. Namizəd şəxsiyyətini təsdiqləyən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanına qatılır. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat verilir. Sertifikat beş il müddətinə qüvvədə olur. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün imtahan nəticələri elan olunduqdan on iş günü müddətində DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə olunur.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə olunmuş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda namizəd həmin sənədlərin müəyyənləşmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Qeyd edək ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə inzibati rəhbər vəzifələr üzrə (A növü) 204 vakant vəzifə təqdim olunub. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (171 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (10 vakant vəzifə), Dəniz Administrasiyası (6 vakant vəzifə), Dini Qurumlar üzrə Dövlət Komitəsi (4 vakant vəzifə), Mülki Aviasiya Administrasiyası (4 vakant vəzifə) tərəfindən təqdim edilib.


Digər xəbərlər

0.19635701179504