Azərbaycan səhiyyəsi öz uğurlarına görə Ulu öndər Heydər Əliyevə minnətdardır

12:16 25-05-2018 | icon 2671
Azərbaycan səhiyyəsi öz uğurlarına görə Ulu öndər Heydər Əliyevə minnətdardır
Salyan rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin müdiri İlqar Ağabəyov:

İlqar müəllim, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib. Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda səhiyyə sisteminin inkişafı ilə bağlı Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında nə demək olar?

- Ulu öndərimiz Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Ümummilli lider səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Böyük öndər  ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk  dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə  tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi.  Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı. 

Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən ulu öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən Ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.

Heydər Əliyevin 1982-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini nəinki azaltdı, əksinə, bir az  da artırdı. Ulu öndər sonralar bu dövrü  xarakterizə edərkən  deyirdi: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt sovetlər ittifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.

Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.

Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. İndi tam əminliklə demək olar ki, Ulu öndər Heydər Əliyevin və Onun layiqli davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər. Tibb mütəxəssislərimizin xaricə oxumağa və işləməyə göndərilməsi, həm də müxtəlif xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən dünya azərbaycanlılarına maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır.

Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox  bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi altında inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb.

Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı.

Ümummilli liderimizin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycanda səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi - iqtisadi vəziyyəti yaxşılaşdırmaq uğrunda yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu.

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.

Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Əlamətdardır ki, son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 7 dəfədən çox artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500–dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi–texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. 

Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur.


Digər xəbərlər

0.23880195617676