“Burada bütün işlər yüksək səviyyədə görülüb” - İlham Əliyev

09:45 12-05-2018 | icon 149
“Burada bütün işlər yüksək səviyyədə görülüb” - İlham Əliyev
loading...

“Azərbaycanda müasir turizm sənayesi yaradılacaq”.

Bunu Bakının Səbail rayonunda "Dinamo" otelinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev otellə tanışlıqdan sonra kollektivlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: " Bildiyiniz kimi, bu, tarixi binada yerləşir. Bu binanın böyük tarixi var. Çox şadam ki, binanın tarixi memarlığı tam qorunub saxlanılıb və daxili dizayn da göz oxşayır. Burada istirahət edən qonaqlar özlərini evindəki kimi hiss edəcəklər. Çox gözəl dizayn işləri görülüb. Xanım Pintoya xüsusi minnətdarlığımı bildirirəm. Doğrudan da dizayn göz oxşayır. Burada bütün işlər çox müasir və yüksək səviyyədə görülüb".

İlham Əliyev bildirib ki, otelin yerləşməsi də çox əlverişlidir: "Bura şəhərin mərkəzidir və burada qalan qonaqlar şəhərin ən baxımlı yerlərinə - həm bulvara, həm İçərişəhərə, həm də şəhərimizin mərkəzi yerlərinə rahat şəkildə piyada gedə bilərlər.

Əlbəttə ki, bu otelin fəaliyyəti ölkəmizdə turizmin inkişafına təkan verəcək. Çünki bu, bizim üçün indi əsas istiqamətlərdən biridir. Ölkəmizdə turistlərin sayı artır. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz artıb. Bu ilin 4 ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıb. İndi 90-dan çox ölkədən turistlər "ASAN viza" rejimindən istifadə edərək Azərbaycana gələ bilərlər. Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda turizm üzrə dövlət agentliyi yaradılıb ki, bu agentlik turizmin inkişafına təkan verəcək".

Prezident deyib ki, Azərbaycanda müasir turizm sənayesi yaradılacaq: "Eyni zamanda, bu otelin fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafını göstərir. Şəhərimizin gözəlliyi bu gün dünya birliyi tərəfindən tanınır. Ölkəmizdə keçirilmiş böyük tədbirlər, idman tədbirləri, bunların arasında, əlbəttə ki, Formula 1 yarışının keçirilməsi Azərbaycana dünyanın diqqətini cəlb edir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi öz qapılarını dostların üzünə açır".


Digər xəbərlər

0.33178615570068