Jurnalistlər Qaradağda mükafatlandırıldı - Fotolar

22:47 18-05-2018 | icon 2460
Jurnalistlər Qaradağda mükafatlandırıldı - Fotolar

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans və “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Konfrans KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Qaradağ icra başçısı Süleyman Mikayılov rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə söz açaraq qeyd edib ki, konfransda 40-dək KİV-in təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

 

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli rəhbərlik etdiyi qurumun 3 il ərzində reallaşdırdığı layihələr haqqında söhbət açıb.

Fondun gördüyü işləri yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının keçdiyi inkişaf yoluna nəzər salıb, həmçinin məmur–jurnalist münasibətlərinə toxunub. O, bildirib ki, rəsmi qurumlar öz informasiya portallarını yaratmalı və birmənalı şəkildə mətbuat nümayəndələrinə məlumat verməlidirlər.

Azərbaycanda söz və mətbuat azadlığının mövcudluğunu diqqətə çatdıran Ə. Amaşov onu da vurğulayıb ki, ölkəmizdə müstəqil mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycanda 600-dək KİV qeydiyyatdan keçib ki, bunun 30-dan çoxu gündəlik qəzetlərdir.

Konfransda “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Respublika” qəzeti baş redaktorunun müavini Hümbət Musayev və başqaları çıxış edərək dövlət qurumları və KİV arasında əlaqələrin inkişaf etdirilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıblar.

Tədbirdə təkliflər irəli sürülüb və rayon sakinlərinin sualları cavablandırılıb.

Konfrans “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” fərdi jurnalist yazıları müsabiqəsinin nəticəsinə görə qaliblərinin və iştirak edən jurnalistlərin bir qisminin mükafatlandırılması ilə davam edib.

 



Digər xəbərlər

0.28299117088318