Prezident Bolqarıstanın Azərbaycandakı yeni səfirini qəbul edib

10:26 11-06-2018 | icon 3562
Prezident Bolqarıstanın Azərbaycandakı yeni səfirini qəbul edib

Prezident İlham Əliyev iyunun 10-da Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovun etimadnaməsini qəbul edib.

 Nikolay Yankov etimadnaməsini İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

 

Dövlət başçısı Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb, Bolqarıstan Prezidenti və Baş nazirlərinin Bakıya, özünün Bolqarıstana səfərlərini məmnunluqla xatırlayıb.

İlham Əliyev Nikolay Yankovun səfirlik fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Nikolay Yankov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını Prezident İlham Əliyevə çatdırdı və dövlətimizin başçısını yenidən prezident seçilməsi, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik etdi. Səfir ölkələrimizin rəhbərliyi arasında dostluq əlaqələrinin mövcud olduğunu bildirərək, bunun ikitərəfli münasibətlərin inkişafında rolunu xüsusi qeyd edib.

Cənub Qaz Dəhlizi layihəsinə toxunan Nikolay Yankov bu layihənin icrasının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük önəm daşıdığını vurğulayaq, ölkəsinin gələcəkdə bu layihədə tranzit rolu oynaya biləcəyini deyib. O, Bolqarıstanın bu mühüm layihənin reallaşmasına siyasi sadiqliyini bir daha ifadə edib.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini qeyd edərək, yaxın günlərdə TANAP-ın da işə salınacağını vurğulayıb, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib. Dövlət başçısı Bolqarıstanın bu layihənin mühüm tərkib hissəsi olduğunu və gələcəkdə digər ölkələrə Azərbaycan qazının çatdırılması üçün tranzit rolu oynaya biləcəyini deyib.

İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, turizm, investisiya qoyuluşu, kənd təsərrüfatı sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 



Digər xəbərlər

0.25716781616211