“Salyan postu”nda sürücülər üçün yenilik - FOTO/VİDEO

13:46 12-07-2018 | icon 2713
“Salyan postu”nda sürücülər üçün yenilik - FOTO/VİDEO

Son günlər havaların xeyli isti keçməsi yollarda da hərəkətin intensivləşməsinə, eyni zamanda da qəzaların artmasına səbəb olur. Belə ki, istirahət üçün Azərbaycanın bölgələrinə üz tutanların sayı xeyli artır. Son illərdə ölkəmizə xaricdən gələn turistlərin də çoxalması bu saya əhəmiyyətli dərəcədə təsir edir.

 Digər tərəfdən də kənd təsərrüfatı məshullarının satış məqsədi ilə paytaxta gətirilməsi də respublikanın magistral yolları üçün əlavə "yük” yaradır. Bütün bu amilləri nəzərə alanda mənzərəni təsəvvür etmək çətin deyil. İsti hava şəraitində sürücülərdə yorğunluq halları artır, onlarda gərginlik, yuxusuzluq yaranır. Bəzi sürücülər hərəkət etmək üçün günün qaranlıq saatlarını gözləyirlər. Bu da gecənin qaranlığında yollarda olan sürücülər üçün əlavə problem deməkdir.

 
Bütün bunlar yol polisinin də məsuliyyətini artır, onların yol hərəkətinin təşkili zamanı daha da diqqətli olmasını, sürücülər arasında təbliğat işlərinin artırılmasını qaçılmaz edir. Şəxsi avtomobili ilə, yaxud da avtobus və yük maşınları ilə yola çıxan sürücülər bilməlidi ki, onların istirahət etmədən, yorğun halda yola çıxmaları təkcə öz həyatları üçün deyil, hərəkətin digər iştirakçıları üçün təhlükə deməkdir.
 
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 728 saylı postunun əməkdaşları artıq bu sahədə əməli addımların atılmasına start verib. "Salyan postu” kimi tanınan 728 saylı postun yerləşdiyi məkan da burda xidmət aparan yol polisi əməkdaşlarının məsuliyyətini ikiqat artırır. Belə ki, Salyan rayonu ərazisindəki post paytaxtdan Respublikanın cənub bölgəsinə yollanan sürücülər üçün tam mərkəzdə yerləşir. Məhz həmin postun yerləşdiyi ərazilərdə sürücülərin yorğunluğu, istirahət ehtiyacının olması özünü göstərir. Bunu nəzərə alan 728 saylı postun komandiri, polis mayoru Qulu Quliyev həmin postda xidmət aparan 10-cu tağımın əməkdaşlarına xüsusi təlimat verib.
 
Bu təlimata əsasən xüsusilə axşam saatlarında yolda hərəkət edən avtomobillər, avtobus və yük maşınlarının sürücüləri üçün 728 saylı postda istirahət şəraiti yaradılıb. Bu təşəbbüs "Yol hərəkəti haqqında qanun”da nəzərdə tutulmasa da, 10-cü tağımın əməkdaşları Qulu Quliyevin təlimatını məsuliyyət hissi ilə yerinə yetirirlər. Postda müşahidə apararkən şahidi olduq ki, polis kapitaı Səbuhi Məmmədov, baş çavuşlar Amid Qəhrəmanov, Bəhrəm Namazov və Araz Cəfərli axşam saatlarında "saxla” işarəsi verdikləri sürücülərdən yorğun olub-olmadıqlarını soruşur, ehtiyac varsa, postda yaradılmış xüsusi otaqda istirahət edə biləcəklərini, sərin su və ya isti çay içə biləcəklərini onların nəzərinə çatdırırlar. 
 
Onların bu nəcib təşəbbüsü təkcə hansısa sürücünün istirahət etməsi anlamına gəlmir. Bu həm də yollarda baş verə biləcək təhlükəli qəzaların önlənməsi, neçə-neçə insanın həyatının xilas olunmasıdır. 728 saylı postda yaradılan bu şəraiti öz növbəmizdə alqışlayır və bu nümunədən digər yol polisi postlarında da istifadə olunmasını arzulayırıq.
 



Digər xəbərlər

0.28553509712219