“Jara”da olan Zara erməni deyil...

10:52 26-07-2018 | icon 785
“Jara”da olan Zara erməni deyil...
loading...

Bir neçə gündür Azərbaycanda sosial şəbəkələrdə rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına iştirakçı kimi qatılması geniş müzakirələrə səbəb olub.

Esas iddia kimi guya milliyyətcə erməni olan bu sənətkarın Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi fikri irəli sürülür. 

Bildiyimiz kimi, Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. 

 

Biz bütün dünyaya göstəririk ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır? Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik?!

Erməni şovinistlərin azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik?!

Bu məqamda qeyd edək ki, Zara erməni deyil. O, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürddür. Hər hansı biş şəxsin, o cümlədən də Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır.  

Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır?!

Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar.

Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir.

Azərbaycan xalqı ermənilərlə dinc yaşamağa hazırdır. Yetər ki, Azərbaycan torpaqları geri qaytarılsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. 

 


Digər xəbərlər

0.23400592803955