Güləşçilərimizin təlim-məşq toplantısına qazilər və veteranlar da qatıldı - Video + Fotolar

23:13 13-08-2018 | icon 73
Güləşçilərimizin təlim-məşq toplantısına qazilər və veteranlar da qatıldı - Video + Fotolar
loading...

Sərbəst güləş üzrə milli komandamız yarışla əlaqədar Qazax rayonunda təlim-məşq toplantılarını davam etdirir.

Avqustun 9-dan başlayan təlim-məşqlərdə Azərbaycanın aparıcı idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir. Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb. 

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, milli komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən təlim-məşq toplantısı zamanı Qarabağ qaziləri və veteranları güləşçilərlə görüşüb. 

 

Vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığı görüşdə vətəni sevmək və qorumaqla bağlı söhbətlər edilib. Güləşçilərimiz də öz növbəsində Azərbaycan torpaqları uğrunda canından keçməyə hazır olan, müharibənin ağrısını acısını yaşayan, cəbhədə vuruşaraq sağlamlığını qurban verən qazilərimiz, veteranlarımızla qürur duyduqlarını, fəxr etdiklərini dilə gətiriblər. 

AGF-nin vitse-prezidenti F.Umudov idmançılarımızın vətənpərvər ruhda böyüdüyünü bir daha vurğulayıb: 

“Sizinlə fəxr edirik.  Biz də yığma komanda olaraq ordumuzun üzvüyük.  Ali baş komandanımızın ətrafında sıx birləşmişik.  Əsgərlərimizin, ordumuzun yanındayıq. 

Biz də öz növbəmizdə bayrağımızı ucaldıb, himnimizi səsləndirməliyik”.

F.Umudov torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin, qəhrəmanlıq göstərən döyüşçülərimizin Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunələri olduğunu bir daha vurğulayıb. O, gənclərimizin  dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmalı olduğunu qeyd edib. Hər zaman olduğu kimi, bu dəfə də idmançılarımıza vətənpərvərlik ruhunun aşılanması ilə bağlı söhbətlər aparılıb. 

Dövlətin göstərdiyi qayğıdan danışan veteranlar da güclü ordumuzun torpaqlarımızı geri qaytaracağına əminliklərini ifadə ediblər. Gənclərimizin, güləşçilərimizin vətənpərvərlik hissini yüksək dəyərləndirən qazilər özlərinin də  hər zaman döyüşə hazır olduqlarını bildiriblər. 

Sonda yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissinin daha da artırılması, onların tariximizi daha dərindən bilmələri üçün qazilər və veteranlarla bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

 




Digər xəbərlər

0.3540210723877