Tarixi oxşarlıqdan strateji əməkdaşlığa...

11:20 08-09-2018 | icon 3222
Tarixi oxşarlıqdan strateji əməkdaşlığa...

Bu gün münasibətləri ən yüksək səviyyəyə çatan Azərbaycan və Xorvatiyanın tarixən keçdikləri yollar oxşardır. Hər iki ölkə tarix boyu xarici təsirlərə məruz qalıb və 1991-ci ildə müstəqilliklərini elan ediblər. Xorvatiya 1991-ci il dekabrın 28-də Azərbaycanın müstəqilliyini tanıyıb. 1995-ci ildən isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Hazırda iki dövlət arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur.

 “Azərbaycan” qəzeti yazır ki, Xorvatiya geostrateji mövqeyi, iqtisadiyyatı, təbii sərvətləri, mədəniyyəti baxımından Cənub-Şərqi Avropanın önəmli ölkələrindən biridir. Azərbaycanla bu ölkənin beynəlxalq müstəvidə mövqeləri üst-üstə düşür və hər iki tərəfin maraqlarına cavab verən siyasi münasibətləri mövcuddur. 

Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkşafında dövlət başçılarının qarşılıqlı səfərləri əsas rol oynayıb. Prezident İlham Əliyev indiyədək iki dəfə - 2005-ci ilin iyun və 2013-cü ilin mart aylarında Xorvatiyaya rəsmi səfər edib. Eləcə də Xorvatiyanın eks-prezidentlərindən Stefan Mesiç 2007-ci ilin oktyabr ayında, İvo Yosipoviç isə 2012-ci ilin mart ayında Azərbaycana rəsmi səfər ediblər. 2016-cı ilin oktyabrında isə Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviç ölkəmizdə rəsmi səfərdə olub. 

Xorvatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini də dəfələrlə bəyan edib və bu, Zaqreb Bəyannaməsində əksini tapıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyə malikdir və münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında nizamlanmasını dəstəkləyir.

Bu günlərdə İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Keçirilən görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. 


İqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Həmçinin kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu. Mətbuata bəyanatında dövlət başçılarının qarşılıqlı səfərləri ilə bağlı fikirlərini bildirən Prezident İlham Əliyev "Bu göstərir ki, siyasi dialoq çox fəaldır. Bu onu göstərir ki, Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır”, - deyə bəyan edib.

Avropa İttifaqı üzvləri ilə ikitərəfli və çoxtərəfli əsaslarda əməkdaşlıq quran Azərbaycan iqtisadi inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır. Bu sırada ölkəmiz Cənub-Şərqi Avropa ölkələri ilə də siyasi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə önəm verir. Zaqreb Bəyannaməsi Azərbaycanla Xorvatiya arasında digər sahələrlə yanaşı iqtisadi münasibətlərin inkişafını da nəzərdə tutur. Bu mənada Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri çərçivəsində əsas müzakirə mövzularından biri iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi idi. 

Hər iki Prezidentin bəyan etdiyi kimi, siyasi əlaqələr yüksək səviyyədədir.

Xorvatiya iqtisadiyyatı hazırda inkişaf mərhələsindədir. Bir neçə il əvvələ qədər qlobal iqtisadi böhranın fəsadları ilə mübarizə aparan bu ölkə iqtisadiyyatda dönüş yaradılmasında, xüsusən xarici investisiyaların cəlb olunması məsələsində Avropa İttifaqının üzvlüyündən maksimum istifadə edib. Lakin iqtisadiyyatın canlandırılması prosesini fəallaşdırmaq məqsədilə Xorvatiya təkcə Aİ və qonşu ölkələrlə deyil, həm də potensial iqtisadi tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla da əməkdaşlığa maraqlıdır. Xorvatiyada da cəlbedici investisiya layihələri mövcuddur. Azərbaycanın iş adamları Xorvatiyanın geniş iqtisadi imkanlarından istifadə edərək bu ölkədə öz biznes fəaliyyətlərini həyata keçirə bilərlər.

İki ölkə arasındakı dialoqun digər mühüm komponenti enerji sahəsində əməkdaşlıqdan ibarətdir. Xorvatiya "Cənub qaz dəhlizi” kontekstində Azərbaycan qazının Avropaya çatdırılmasında, bu kəmərin şaxələndirilməsində maraqlıdır. 

Eyni zamanda həm TAP, həm də İon-Adriatik qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir.

Enerji təhlükəsizliyi Avropa İttifaqının digər üzvləri kimi, Xorvatiya üçün də böyük əhəmiyyət kəsb edir. Bu ölkə həm neft, həm də qaz idxalında mənbələrin sayının artırılmasında maraqlıdır. Ona görə Xorvatiyada da enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirlər.

Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin yekunları deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, uğurlu nəticələrə və perspektivlərə yol açacaq. Ən azından bunun üçün hər iki ölkədə yüksək siyasi iradə və böyük potensial var.


Digər xəbərlər

0.29806208610535