15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq səhifəsidir

10:57 19-09-2018 | icon 4889
15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq səhifəsidir

100 il bundan öncə Bakının daşnak-bolşevik işğalından azad edildiyi 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq səhifəsidir. Bunu saytımıza açıqlamasında Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərovun sözlərinə görə, bu hadisə ilk növbədə onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığının böyük və şərəfli tarixi var:

“O zaman Qafqaz İslam Ordusunun əsgərləri Azərbaycan əsgərləri ilə birlikdə böyük qəhrəmanlıq göstərərək nəinki Bakını işğaldan azad etdilər, eyni zamanda daşnak-bolşeviklərin Azərbaycanda növbəti qırğınlar törətməsinin qarşısını aldılar. Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşü uğurla davam etdirildi, ardınca strateji məntəqə olan Şamaxı şəhəri də işğaldan azad edildi. O zaman Bakı işğaldan azad edilməsəydi, Azərbaycanın gələcək taleyinin necə olacağı sual altında idi, lakin Türkiyə-Azərbaycan qardaşlığı bu çətin sınaqdan üzüağ çıxdı”.

Başçı vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə-Azərbaycan dosluğu və qardaşlığı yeni bir mərhələyə qədəm qoydu: “Ulu öndər Heydər Əliyevin Türkiyə və Azərbaycan haqqında söylədiyi “bir millət, iki dövlət” ifadəsi bu qardaşlığın əsl təsviridir”.

Bayram Səfərov qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı dünyaya bir nümunədir: “Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Həmçinin, dövlətlərimizin başçıları hər seçkidən sonra ilk səfərlərini qarşılıqlı olaraq qardaş ölkələrə etməklə bu münasibəti bütün dünyaya nümayiş etdirirlər. Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. İnanıram ki, bu münasibətlər bundan sonra daha da inkişaf edəcək”.


Digər xəbərlər

0.29672408103943