”Azərbaycan deputatları haqq-ədaləti bərpa edirlər...” - Prezident

12:37 22-09-2018 | icon 3253
”Azərbaycan deputatları haqq-ədaləti bərpa edirlər...” - Prezident

“Dörd ay bundan əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd etdik. Bu, tarixi hadisə idi. Çünki ilk dəfə idi ki, müsəlman aləmində demokratik respublika yaradılmışdır və Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bu respublikanı yaradan biz olmuşuq”.

Bu fikirləri prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, Azərbaycan Demokratik Respublikası bir çox işləri görə bilib:

“Dövlət atributları təsis edildi və bu gün bizim dövlət bayrağımız, dövlət himnimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş dövlət atributlarıdır. Azərbaycan dili rəsmi dil kimi elan edilmişdir. İyunun 26-da Azərbaycan Milli Ordusu yaradılmışdır ki, bir neçə ay bundan sonra Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycan Milli Ordusu və könüllülər Bakını işğalçılardan azad etdilər.

Təhsillə bağlı çox önəmli qərarlar qəbul edilmişdir, o cümlədən Bakı Dövlət Universitetinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Gələn il biz Bakı Dövlət Universitetinin 100 illiyini qeyd edəcəyik.

Bir çox qanunlar qəbul edilmişdir, daha doğrusu, 200-dən çox qanun qəbul edilmişdir. Qadınlara səsvermə hüququ verilmişdir. Yəni, qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər gördü. Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, 2018-ci il mənim Sərəncamımla “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir”.

Dövlət başçısı qeyd edib ki, bu il Azərbaycanda və bir çox ölkələrdə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir çox önəmli tədbirlər keçirilib:

“Azərbaycanda müntəzəm olaraq tədbirlər keçirilir. Onların arasında, əlbəttə ki, 28 May günü ilə əlaqədar keçirilmiş təntənəli tədbirləri xüsusilə qeyd etmək istərdim. Ondan sonra Azərbaycan Milli Ordusunun 100 illiyinə həsr edilmiş möhtəşəm hərbi paradı qeyd etməliyəm. Bir neçə gün bundan əvvəl - sentyabrın 15-də ikinci möhtəşəm hərbi parad keçirilmişdir. Bakının işğalçılardan azad edilməsi günü təntənəli şəkildə qeyd edildi. O gün Qafqaz İslam Ordusu, Azərbaycan Milli Ordusu, könüllülər Bakını işğalçılardan azad etmişlər və Azərbaycan hökuməti iki gündən sonra Gəncədən Bakıya köçə bilmişdir. Bizim tarixi şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz sahiblərinə qaytarılmışdır.

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, süqut etdi və Azərbaycan dövlət müstəqilliyini itirdi. Bu, onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuşdur. Bu, tarixi şans, tarixi xoşbəxtlik idi. Çünki Azərbaycan xalqı əsrlər boyu müstəqillik, azadlıq eşqi ilə yaşamışdır. Ancaq uzun illər ərzində başqa dövlətlərin tərkibində idi. 1991-ci ildə ikinci dəfə bizə belə imkan yarandı. Ancaq əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri Azərbaycanda çox böyük fəlakətlərlə müşayiət olunurdu. Ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi, siyasi proseslər vəziyyəti gərginləşdirirdi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti vüsət alırdı, daxildə çəkişmələr imkan vermirdi ki, Azərbaycan uğurla inkişaf etsin. 1992-ci ildə dövlət çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı və Azərbaycan çox çətin çağırışlarla üz-üzə qalmışdı. 1992-ci ildə hakimiyyətə gəlmiş qüvvələr ölkəmizi uçuruma aparırdı, ölkəmizdə siyasi-iqtisadi böhran dərinləşirdi, Ermənistan işğalçılıq siyasətini genişləndirirdi, torpaqlarımız işğal altına düşürdü, iqtisadiyyat tamamilə iflic olmuşdu və ölkəmizdə vətəndaş müharibəsinə start verildi, qardaş qanı töküldü. Bu ağır, çətin günlərdə Azərbaycan xalqı müdriklik göstərərək yeganə düzgün addım atmışdır, Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir və bu tarixi addım ölkəmizin müasir tarixində dönüş nöqtəsi idi.

Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, o, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra o, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi.

Bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”.

İlham Əliyev Azərbaycana böyük həcmdə sərmayə qoyuluşunun təmin edilməsində Heydər Əliyevin müstəsna rolunun olduğunu vurğulayıb:

“Dünən biz “Əsrin kontraktı”nın 24-cü ildönümünü qeyd etdik və “Əsrin kontraktı” olmadan Azərbaycanın bugünkü sürətli inkişaf dinamikasını təsəvvür etmək mümkün deyil.

Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bir çox qanunlar qəbul edilmişdir. Demək olar ki, bu qanunlar həyatımızın bütün sahələrini əhatə edir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var. Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır.

Parlamentdə bir çox partiyaların nümayəndələri fəaliyyət göstərir və əlbəttə ki, onların müxtəlif məsələlərə fərqli baxışları var. Ancaq mən çox şadam ki, milli maraqlarla bağlı məsələlərdə bizim deputatlar bir nöqtəyə vurur və vətənpərvərlik göstərərək Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edirlər. Parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır. Mən qeyd etməliyəm ki, Azərbaycan deputatları beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iş aparırlar. Bu, Azərbaycan xalqı tərəfindən də qiymətləndirilir, mən də bunu izləyirəm və deməliyəm ki, doğrudan da çox böyük iş aparılır. Azərbaycan deputatları bir çox parlamentlərarası assambleyalarda ölkəmizdə gedən proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini çatdırır, lazım olan vaxtda Azərbaycanı çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız ittihamlar hansısa qərarlara gətirib çıxarsın.

Əlbəttə ki, Azərbaycan deputatlarının fəaliyyətinin əsas istiqaməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya birliyinə, öz həmkarlarına həqiqətlərin çatdırılmasıdır. Mən hesab edirəm ki, bu işdə çox böyük uğurlara nail olmuşuq”.


Digər xəbərlər

0.27502107620239