Nəsimi rayonunda növbəti “Abad həyət” istifadəyə verildi

15:10 07-10-2018 | icon 3389
Nəsimi rayonunda növbəti “Abad həyət” istifadəyə verildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə  ekoloji cəhətdən təmiz və abad həyətlərin modernləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata  keçirilən “Bizim həyət” layihəsinə Nəsimi rayonunda  ötən ilin dekabr ayından start verilib.

Ötən müddət ərzində layihə çərçivəsində rayon ərazisindəki bir sıra həyətlərdə abadlaşdırma işləri aparılıb, mövcud yaşıllıqlar bərpa edilib yeni yaşıllıq zolaqları yaradılıb.

Həmin  layihənin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  2-ci mikrorayon  H.Seyidzadə  küçəsi 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilib. Bu ünvanda  3 beş mərtəbəli, bütövlükdə 12 bloklu, 180 mənzilli binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər üç  binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Məhəllədə genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış və həyətə 300-dən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri  üçün 3 söhbətgah və 20 ədəd oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman meydançası quraşdırılmışdır. “Abad həyət”in xüsusi bir guşəsində həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılıb.

Növbəti abad həyətin sakinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbirdə çıxış edən  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov bildirdi ki,  bu gün ölkə Prezidenti   İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ərazinin sakinləri ilə görüşərək sakinləri maraqlandıran sualları cavablandırıb. Görüşdə sakinlərin qaldırdığı  problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

 

 









Digər xəbərlər

0.23807215690613