Namiq Əsgərov: "Enerji içkiləri insanlarda problemlər və asılılıq yaradır" - MÜSAHİBƏ

10:35 09-10-2018 | icon 3840
Namiq Əsgərov:

Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasından artıq 10 ay vaxt keçir. Bildiyiniz kimi, Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, yəni, sanitariya norma və qaydalarını, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini həyata keçirir. Həmçinin, risklərin təhlili, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını təmin edir.

Bundan əlavə, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir.  

Yarandığı gündən əməli fəaliyyətə keçən Agentliyin qida təhlükəsizliyi ilə bağlı gördüyü işlər öz effektini verməkdədir. 

 

Elə bu məqsədlə də ölkənin tanınmış iş adamlarından olan, “Merano-Baku” şirkətinin rəhbəri Namiq Əsgərov “Qafqazinfo”ya müraciət edərək agentliyin gördüyü işləri şərh edib. Həmin müsahibəni təqdim edirik:

Qeyd edək ki, N.Əsgərovun rəhbəri olduğu  “Merano-Baku” şirkəti uzun illərdir ki, fəaliyyət göstərir. Şirkət hazırda biznes və bazar iqtisadiyyatında önəmli mövqe tutub. Ümumilikdə, 18 kateqoriya üzrə 200 çeşiddən çox məhsulun satışını təşkil edir. Məhsulların idxal olunduğu ölkələr isə Amerika, Almaniya, İtaliya, İspaniya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Polşa, Belçika, Belarusiya, Hindistan, Tailand və. s kimi inkişaf etmiş ölkələrdir. Sözügedən ölkələrdən Azərbaycana bitki və kərə yağı, pendir, qara və yaşıl çay, ət və dəniz məhsulları, tomat-mayonez, meyvə-tərəvəz məhsulları idxal olunur.

- Agentliyin yaradılmasından sonra iş fəaliyyətinizdə hansı dəyişiklikləri hiss edirsiniz? 

- Əvvəla qeyd edim ki, Agentlik yaranandan istehlak bazarında bütün qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə tam nəzarət edilir. Biz də buna sevinirik. Qida Təhlükəsizliyi Agentliyi iş adamları ilə müntəzəm görüşlər keçirir. Eyni zamanda İqtisadiyyat Nazirliyi də bu prosesə nəzarət edir. Nazirlik xarici ölkələrin ticarət palataları ilə sahibkarların görüşlərini təşkil edir. Həmçinin, Gömrük Komitəsi ilə  Qida Təhlükəsizliyi Agentliyi birgə konfranslar təşkil edir. Bizə hansı ölkələrdən keyfiyyətli məhsul idxal etməyə dair tövsiyə və məsləhətlər verir. Müntəzəm olaraq biznes forumlar keçirilir. 

- Bildiyiniz kimi, keyfiyyətli qida məsələsi uzun zamandır ki, ölkədə ən aktual mövzulardan biri olub və insanları daima narahat edir. İndi bu sahədə hansı yeniliklər tətbiq olunur? 

- Yenilik odur ki, artıq prosesə tam nəzarət edilir. Belə ki, ölkəyə idxal olunan məhsullar gömrükdə açılarkən agentliyin nümayəndələri istədikləri yerlərdən nümunələr götürürlər. Yararlı olan malların satışına xüsusi icazə verilir, yararsız məhsulların satışına isə qadağa qoyulur. Artıq bu agentliyi aldatmaq mümkün deyildir. Agentlik özü də fəaliyyətində şəffafdır. Sahibkar məhsulunun hansı laboratoriyada yoxlanılmasını bilmir. Laboratoriya idarəsi başqadır. Onlar bir-birlərinin işinə müdaxilə edə bilmirlər.  Sahibkarlara qarşı heç bir ayrı-seçkilik edilmir. Rüşvətin və monopoliyanın qarşısı alınıb.

Hazırda gömrük orqanlarında da şəffaflıq mövcuddur. Hər bir gələn malın invoysuna uyğun olaraq onun gömrük dəyəri müəyyən olunur. Daha sonra isə Qida Təhlükəsizliyi Agentliyinin icazəsi ilə satışa çıxarılır.

- Bəs, Agentlik yaranmamışdan əvvəl prosesə  necə nəzarət olunurdu?

- Əvvəllər ərzaq nümunələri Sanitar-Gigeniya İdarəsində analizə verilirdi və sertifikat təqdim edilirdi. Bu sertifikatın 6 ay müddəti var idi. Sahibkarın 6 ay müddətində başqa məhsulları gətirmək şansları var idi. Artıq bu şansa yer yoxdur. Hər bir gələn maldan nümunə götürülür. İki-üç gün ərzində Agentlik tərəfindən məhsulun satılıb satılmamasına icazə verilir.

- İş adamları ölkəyə keyfiyyətli məhsul gətirməkdə nə dərəcədə  maraqlıdırlar?

- İş adamlarına müraciət edirəm ki, ölkəyə ancaq  keyfiyyətli məhsullar gətirsinlər. Çünki gətirdiyimiz hər məhsul ailə üzvlərimizdən tutmuş bütün insanların istehlakında yer tutur. Çalışaq ki, bir-birimizi zəhərləməyək və gələcək nəsil daha sağlam böyüsün. Geni dəyişdirilmiş, tərkibində kimyəvi birləşmələr olan məhsullar Azərbaycana gətirilməsin. Çünki təmiz qida sağlamlığım rəhmidir. 

Bilirsiniz ki, dünyada bir çox dövlətlərdə qida problemi var. Xoşbəxtik ki, bizim ölkəmizdə belə bir problem yoxdur. Hər bir vətəndaşımız istədiyi qədər ərzaq ala və qidalana bilər.  

- Bir müddət əvvəl ölkəni qidayla təmin edən əsas iki yerli şirkət olan “Azərsun” və “Veysəloğlu” şirkətlərinin məhsullarında problem olduğu barədə məlumatlar yayılmışdı. Siz bununla bağlı nə düşünürsünüz? 

- Düzdür, bu cür xəbərlər ictimaiyyət arasında yayıldı. Ancaq  deyilənlər realllığı əks etdirmir. Həm də ona görə ki, belə bir hal olsaydı, yəni qida məhsullarında problem olsaydı, Agentlik özü açıqlama verərdi. Onlar isə belə bir açıqlama ilə çıxış etmədilər. “Azərsun” ölkədə nüfuzu olan bir şirkətdir. Azərbaycanın qida təhlükəsizliyində bu şirkətin çox böyük rolu var. 30 ilə yaxındır ki,  şirkət işinin öhdəsindən layiqincə gəlir.

Onu da əlavə edim ki, Agentlik tək məhsulun idxalına yox, eyni zamanda daxildə istehsal olunan məhsulların keyfiyyətinə də nəzarət edir. Məhsulun istehsalı, daşınması, saxlanılması, satış şəraiti, istehlakçıya çatana kimi  bütün prosesləri nəzarətdə saxlayır.

- Valideynləri narahat edən xüsusi  bir məsələ də enerji içkilərinin satışı ilə bağlıdır. Bldiyiniz kimi, bu içkilər insan sağlamlığı üçün təhlükəlidir. Agentlik də bununla bağlı elə ictimaiyyətə müraciət ünvanlamışdı...

- Enerji içkilərindən az istifadə etməyə çalışmaq lazımdır. Belə ki, gün ərzində 200 qramdan artıq istifadə etdiyiniz halda problemlər yaranır. Həm də bu içkilər insanlarda asılılıq da yaradır.

- Bazarda saxta siqaret və spirtli içkilərin satışı məsələsi ilə bağlı nə deyə bilərsiniz? 

- Ölkəmizdə hazırda belə bir hal mövcud deyil. Gömrük orqanları tərəfindən bu işə tam nəzarət olunur. Bu hal əvvəl müşahidə oluna bilərdi. Hazırda Qida Təhlükəsizliyi Agentliyi də bu işə tam nəzarət edir. 

- Dediniz ki, tam şəffaf  bir mühit yaradılıb, monopoliya aradan qaldırılıb. Bu idxalın həcminin artmasına gətirib çıxara bilərmi?

- Bazarda  rəqabət üçün yaxşı şərait yaranıb.  Əvvəllər keyfiyyətsiz malları gətirib ucuz qiymətə satırdılar.  Camaat da bilmədən istehlak edirdi. Artıq bu işlərə son qoyulub. Ərzaq məhsulları  lazım olan normativlərə və standartlara uyğun olaraq gətirilməyə başlanılıb. Nəinki idxala, həmçinin ət, süd, kolbasa məhsullarına və onların istehsalçılarına ciddi nəzarət edilir. Bəzən sahibkarlar bilmədən geni dəyişdirilmiş mallar gətirməyə başlayırdılar. Bəzi lazımsız tərkibli mallar ölkəyə gətirilirdi. İndi artıq hansı məhsulun gətirilməsinə dair əvvəlcə agentlikdən icazə alınmalıdır. Bəzi xarici fabriklər normativlərə uyğun olmayan mallar verirdilər. Biz də onlara xəbərdarlıq edirik ki, belə məhsulu bizə göndərə bilməzsiniz. Hansısa problem varsa onlardan tələb edirik ki, normativlərə uyğun məhsul versinlər.

- Çörəyin tərkibi məsələsi də  ictimaiyyətdə narahatlıq yaradır...

- Çörək bazarında bu işlərin 3-4 ildir ki, qarşısı alınıb. Azərbaycanda çörək istehsalına, həm də qiymətinə ciddi nəzarət var. Çörək keyfiyyətcə  bütün göstəricilərə uyğundur. Meyvə bazarında da idxalın həcmi 10 faizə qədər düşüb. Bazarda 90 faiz yerli məhsullardır. Tərkibi də keyfiyyətlidir. 

 


Digər xəbərlər

0.2770631313324