“Sadələşdirilmiş vergi dərəcəsi 4 faizdən 2 faizə endiriləcək” - Mikayıl Cabbarov

08:49 10-10-2018 | icon 3216
“Sadələşdirilmiş vergi dərəcəsi 4 faizdən 2 faizə endiriləcək” - Mikayıl Cabbarov

“Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub. Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür”. 

Bunu vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib.
 
Mikayıl Cabbarov qeyd edib ki, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb:

“Cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib”.

 

Nazirin sözlərinə görə, sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır: “Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir.
 
Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır.
 
Əlbəttə, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır.
 
Cari ildə göstərilən problemlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Nazirlik tərəfindən vergi ödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb. Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergi ödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb”. 

Nazirin sözlərinə görə, aparılan islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır: “Cari il ərzində sahibkarların ictimai təşkilatları və konsaltinq şirkətləri ilə sıx təmaslarımız olub. Bu görüşlərdə biz sahibkarları narahat edən məsələləri, onları öz fəaliyyətlərinin daha da genişləndirmək üçün maraqlandıran təşviqedici mexanizmləri müzakirə etmişik.
 
Nəticədə Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsi, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir.
 
Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergi ödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi yenilikləri də qeyd etmək vacibdir”.


Digər xəbərlər

0.33788704872131