6 saylı uşaq kliniki xəstəxanasının tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

10:48 03-11-2018 | icon 3002
6 saylı uşaq kliniki xəstəxanasının tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

Şəhərdə təsadüfən bir tanışımla rastlaşdım. Hal-əhval tutduq, xeyli söhbət etdik. Səhiyyə sahəsində çalışan tanışım söhbəti jurnalistika istiqamətinə yönəltdi, ünvanımıza xoş sözlər söyləməklə bərabər bəzi uzdəniraq media işçilərinin əməlləri barədə acı təəssuf hissi ilə danışdı və əlindəki qəzeti mənə uzadaraq orada dərc edilmiş bir yazını oxumağı təkidlə xahiş etdi. Oxudum. Anonim xarakterli bu yazi respublikada yaxşı tanınan bir həkim haqqında idi. Altında imza qoyulmayan yazıda sadalananların son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu dərhal açıq-aydın gorünürdu. Heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazını qəzet səhifəsinə çıxarmaqla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi isə deməyə ehtiyac duymadım.


Tanışım yazıda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətlərindən o qədər xoş sözlər danışdı ki, bu adamla əlaqədar araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədim. Çunki, ortaya belə bir sual çıxırdı: Doğrudanmı ömrünü xalqa və dövlətə xidmət etməyə həsr edən, cəmiyyətdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə tanıdığım bir neçə həkimlə göruşub onun barəsində soruşdum, onun rəhbərlik etdiyi tibb ocaqının bəzi əməkdaşları ilə söhbətləşdim və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.

Məmmədova Naibə  - Bakı şəhər 6 saylı uşaq kliniki xəstəxanasının baş həkimi

 

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər tibb sahəsində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Naibə xanımın rəhbərlik etdiyi uşaq kliniki xəstəxanası da belə nümunəvi tibb ocaqıdır.


Biz bu günlərdə xəstəxanada olub palataları gəzərək kollektivin gördüyü işlərlə yaxından tanış olduq, xəstələrlə və onlara xidmət göstərən həkimlərlə, digər tibb işçiləri ilə söhbət etdik. Hamı baş həkimi Naibə xanımın onlar üçün yaratdığı normal şəraitdən razılığını bildirdi. Naibə xanım tibbi xidmətin təşkili barədə suallarımızı cavablandıraraq dedi:

— Biz müqəddəs bir amal uğrunda çalışırıq. Körpənin baxışlarından müqəddəs nə ola bilər ki?! Həkimlik müqəddəs peşədir. Qadınlarımız el arasında yayılmış bu hikməti yaxşı başa düşür, səhhətini qorumaq üçün bütün imkanlardan istifadə edir.Onlara hər şeydən əvvəl həkim əllərinin şəfqəti, həkim qayğısı, onun məsləhət və tövsiyələri gərəkdir. Hətta sirr deyildir ki, xalq təbabətinin sirləri də zaman–zaman loğmanların səyləri ilə açılmış, tətbiq ediimişdir.

Müasir dövrümüzdə sağlamlığın qorunması problemləri bütün cəmiyyəti məşğul edən məsələlər olmaqla yanaşı, ilk növbədə tibb ocaqlarının, onların fədakar işçilərinin müqəddəs vəzifəsidir. Həkimlərimiz və tibb işçilərimiz yaxşı başa düşürlər ki, həyatda hər şey insan üçündür. Əgər təhsil cəmiyyətin psixoloji–mənəvi cəhətdən formalaşmasına, savadlanmasına, müasirləşməsinə xidmət edirsə, səhiyyə cəmiyyətin mövcudluğu kimı ən ali prinsipə xidmət göstərir. Yəni insanlar normal yaşamaq üçün hər şeydən qabaq sağlam bədənə malik olmalıdırlar. Necə deyərlər, sağlam bədəndə isə sağlam ruh olur.

Bizim tibb ocağının işçiləri də öz vəzifə borclarına məhz bu aspektdən yanaşır, Hippokrat andına sədaqətlərini əməli işləri ilə sübut etməyə səy göstərirlər. Çalışırlar ki, onlardan narazı qalan olmasın, xəstələrə düzgün diaqnoz qoyulsun, onların müalicəsi üçün bütün vasitələrdən istifadə olunsun. Bunun üçün hər cür şərait mövcuddur. Binamızın istilik və elektrik enerjisi ilə fasiləsiz təminatı üçün lazımi tədbirlər həyata keçirilmişdir. 

Naibə xanımın söylədiklərindən məlum oldu ki, xəstəxananın kollektivi öz işini günün tələbləri səviyyəsində quraraq gecə–gündüz əhalinin sağlamlığının keşiyindədir. Söhbət zamanı o, Səhiyyə Nazirliyinin tibb müəssisələrinə qayğısından böyük razılıqla söz açaraq son illərdə bu sahədə əldə olunan uğurlardan danışdı:

- Bu gün Azərbaycan səhiyyəsi inkişaf etmiş digər ölkələrin səhiyyəsindən heç də geri qalmır. Bundan sonra da bu inkişafın davamı üçün lazım olan bütün tədbirlər görülərək,tibb ocaqlarında ən müasir avadanlıqlar quraşdırılır, tibbi xidmətin səviyyəsinin daha da artırılması üçün lazım olan bütün işlər müvəffəqiyyətlə həyata keçirilir. Qeyd edim ki, beynəlxalq təşkilatlar da Azərbaycanda bu sahədə aparılan işlərə yüksək qiymət verir. Bakıda bir müddət əvvəl keçirilmiş beynəlxalq səhiyyə toplantılarında xüsusilə vurğulanır ki, Azərbaycanda səhiyyədə böyük irəliləyiş vardır. Statistika da bunu göstərir ki, uşaq ölümü azalır, insanların ömrünün uzunluğu artır.

 

Elin gözü tərəzidir

P.S.Di gəl, çox təssüflər olsun ki, Naibə xanımın uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.

 

Digər xəbərlər

0.26909995079041