“Deputatlara hörmət edilmir” - Millət vəkilləri əsəbiləşdi

09:48 31-10-2018 | icon 2809
“Deputatlara hörmət edilmir” - Millət vəkilləri əsəbiləşdi

YAP-çı deputat Musa Quliyev “Milli Məclisin Daxili Nizamnaməsi haqqında” və “Deputatın etik davranış qaydaları haqqında” qanunlara edilən dəyişikliklərə sərt reaksiya verib. 

O, bu dəyişiklikləri deputatlara hörmətsizlik kimi dəyərləndirib: “Sanki biz seçkili orqanın üzvləri yox, təyinatlı orqanın üzvləriyik. Milli Məclis və deputatlarla bağlı qanunlara təklif olunan dəyişikliklər məhz bu anlamı verir. Bununla deputatlara hörmət edilmir. Biz gəldi-gedərik, parlament qalandır.

Bizi xalq seçir. Amma mandatımız alınarkən xalqdan soruşan yoxdur ki, sənin nümayəndəni mandatdan məhrum edirlər?! Bu, mütləq beynəlxalq ekspertizadan keçirməlidir.

Deyilir ki, deputat istefa verməsi haqqında iclasda fikir desə və o stenoqrama düşsə, sonra fikrini dəyişə bilməz. İndi nə olar kimsə əsəbiləşə bilər, ağzından nəsə çıxar, sabah özünə gələndə fikrini dəyişə bilər. Amma bu, qəbul edilmir. Düzgün deyil”.

Deputat Aqil Abbas isə əlavə edib ki, parlamentin 3 iclasına gəlməyəndə deputat mandatı ləğv edilir: “Bəlkə valideynlərimi çağırıb töhmət verəsiniz? Bəyəm məni İntizam Komissiyası deputat seçmişdi?! Hələ 13 ildə iclasa bir dəfə də gecikməmişəm. Dərsə vaxtında gələn tərbiyəli adamam. Deyirlər ki, 50 manatdan  artıq məbləğdə deputata hədiyyə verilərsə, o barədə İntizam Komissiyasına məlumat verməlidir. Sizə misal deyim. Getmişəm, məsələn, Füzuli rayonuna. Bir dostum mənə 150 manatlıq qoyun kəsib verib. İndi onun 100 manatlıq hissəsini kəsib İntizam Komissiyasına verəcəm?!”

Birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, bu qanun layihələri heç bir halda deputatların əleyhinə yönəlməyib: “Niyə? Onun səbəbini ikinci oxunuşda deyəcəm”.


Digər xəbərlər

0.28142404556274