“Ermənilərin kim olduğu üzə çıxır...” - Mədət Quliyev

23:05 01-11-2018 | icon 4006
“Ermənilərin kim olduğu üzə çıxır...” - Mədət Quliyev

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. 

Iclasda çıxış edən komissiyanın sədri, DTX rəisi Mədət Quliyev açılış edərək reqlamenti elan edib. 

M. Quliyev bildirib ki, mərhum prezident Heydər Əliyev daim əsir düşmüş şəxslərlə bağlı işlərə xüsusi diqqət yetirib: "Bir çox vətəndaşlarımız itkin düşmüş yaxınlarını axtarmaq üçün  ulu öndərin yanına getmişdi. O zaman Heydər Əliyev Ermənistan prezidenti Petrosyana məktub yazaraq 30-dan çox şəxsin geri qaytarılmasına nail olmuşdu. Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra da bu məsələyə xüsusi önəm verib. 

Ermənistan bu gün də münaqişəni davam etdirir, hazırda 871 nəfər əsir və girovluqda qalır. Ermənistan rəhbərliyi onlara Azərbaycanı tamamilə işğal etdiklərini, belə  bir dövlətin qalmadığı yalanını təşviq edirlər.

Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan şəxslərin "hamıdan-hamıya" prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlindən humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 25 il ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb, amma komissiyasının fəaliyyətində nöqsanlar da var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həlli gözləyən vacib məsələdir. Komissiya üzvləri, həm də  İşçi Qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini prezident İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır". 

İclasda millət vəkilləri, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirin sonunda çıxış edən M.Quliyev deyib ki, Dövlət Komissiyasının fəaliyyəti qənaətbəxş hesab edilsə də, Komissiyanın sədri kimi tələbləri var: "Əsas narazılığım odur ki, komissiya üzvlərinin bir-biri ilə əlaqələri zəifdir. Biz başa düşüşməliyik ki, burada insan taleyindən söhbət gedir. Ermənistan beynəlxalq oyunçular tərəfindən istifadə edilir. Azərbaycan isə Ermənistanın törətdiyi əməlləri dünya ictimaiyyətinə çatdırır. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ermənilərin kim olduğu üzə çıxır. Əminəm ki, ermənilər tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları azad ediləcək".

 

 







Digər xəbərlər

0.26955199241638