BSU-da Dövlət Bayrağı gününə həsr olunmuş elmi seminar keçirilib

20:06 02-11-2018 | icon 2993
BSU-da Dövlət Bayrağı gününə həsr olunmuş elmi seminar keçirilib

BSU-da Dövlət Bayrağı gününə həsr olunmuş elmi seminar keçirilib

 

Noyabrın 2-də Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının  təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş elmi seminar keçirilib. Seminarın əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

               Dəyirmi masanı giriş sözü ilə açan Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov üçrəngli bayrağımızın 100 illiyi münasibətilə hər kəsi təbrik edib. S.Məmmədov bildirib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. O bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı sayılan  bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

               Elmi seminarda çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent  Xanım Sultanova Qarabağ müharibəsində şəhid olan vətən oğullarının əziz xatirəsini yad edərək onların bayraq uğrunda, Azərbaycanın müstəqilliyi uğurunda sonadək vuruşduqlarını deyib, həmin şəhid oğulların sırasında Bakı Slavyan Universitetinin məzunlarının da olduğunu xatırladıb. X.Sultanova Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qeyrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını dilə gətirib.

               Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd milli istiqlal ideologiyamızın tarixindən, Əli bəy Hüseynzadənin müəllifi olduğu üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun mahiyyətindən söz açıb.

 Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov tarix böyu mövcud olan dövlətlərin atributlarından danışaraq qeyd edib ki, üçrəngli bayraq respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, irimiqyaslı ictimai-siyasi toplantılarda və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

            Sonra “Gənc azərbaycanşünaslar” dərnəyinin sədri  Nigar Quliyeva “Azərbaycanın  rəmzi olan dövlət bayrağının yaranma tarixi”  barədə məruzə ilə çıxış edib. Dərnəyin üzvlərindən pedaqoji fakültənin I kurs tələbəsi Fidan Sultanovanın “Azərbaycan müstəqillik dövrü və Dövlət bayrağı”,  Xalidə Həsənovanın “Heydər Əliyev və 9 noyabr” adlı çıxışları dinlənilib.

Pedaqoji fakültənin dekan müavini Zoya Cəbrayılova Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə BSU-da keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirərək gənclər üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. Tələbələri daim vətəni sevməyə, öz tarixini, milli dəyərlərini dərindən öyrənməyə səsləyən Z.Cəbrayılova üçrəngli bayrağımızın 100-cü ildönümünə görə iştirakçıları təbrik edib.


Digər xəbərlər

0.24303507804871