Polkovniki öldürən Xaliq Faiqoğlunun istintaqı “donub”

23:43 07-11-2018 | icon 3512
Polkovniki öldürən Xaliq Faiqoğlunun istintaqı “donub”

“Xaliq Faiqoğlu” MMC sahibinin oğlunun cinayət işi ört-basdır edilir

İş adamı Faiq Seyidovun oğlu Xaliq Seyidovun törətdiyi avtoqəzada həyatını itirən polkovnikin ölümünün istintaqı donub. 

Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabiti Eldar Məmmədov 2014-cü ildə avtoqəzada dünyasını dəyişib. Ötən il başladılan təkrar istintaqdan xəbər yoxdur.

Belə iddialar var ki, Bakıda sərnişindaşıma xidməti göstərən “Xaliq Faiqoğlu” MMC şirkətinin sahibi övladının cinayəti işinə xitam verilməsinə nail olmağa cəhd edir. 

Öz imkanlarından və resurslarından istifadə edən sahibkar istintaq hərəkətlərinin dayandırılmasına çalışır. Eyni ilə Nəsimi icra başçısı Asif Əsgərov da oğlu İlham Əsgərlini həbsdən çıxarmışdı. 

F.Seyidovun oğlu tərəfindən “Land Rover” markalı avtomobillə vurularkən aldığı xəsarətlərdən ölən polkovnikin ailəsinin isə istintaqın gedişindən narazı qaldığı deyilir..

FAIQ-ESAS

Xaliq Seyidovun törətdiyi həmin avtoqəza ilə bağlı virtualaz.org saytının üzə çıxardığı sənədlərdən sonra hüquq-mühafizə orqanları yenidən cinayət işi qaldırmışdı. 

Həmin cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilmişdi. 

Lakin daha sonra cinayət işi Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işinin istintaqı yenidən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılıb.

Cinayət işinin təhqiqatının hazırda nə yerdə olduğu barədə məlumat əldə etmək cəhdlərimiz nəticəsiz qalıb. Hər halda iş adamının oğlunun bu hadisəyə görə məsuliyyətə cəlb edildiyinə dair məlumatlara da rast gəlinmir. 

2014-cü ildə avtoqəza ilə bağlı cinayət işinə xitam verilmişdi və bunun üçün polkovnikin “öz əcəli ilə öldüyünə dair” rəy əsas götürülmüşdü. 

Lakin Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının həkimləri tərəfindən verilən epikrizdə göstərilirdi ki, zabit avtomobillə vurularkən həyatla uzlaşmayan ağır xəsarətlər alıb.


Həmin qəzada biznesmenin oğlu idarə etdiyi 10 LU 090 dövlət nömrə nişanlı, “Mercedes GL” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurub. 

Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib, lakin onun “öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini ört-basdır ediblər.



Və belə görünür ki, onun hansısa yollarla təmin etdiyi toxunulmazlıq statusu son vaxtlar bir-birinin ardınca qəzalar törədib insan ölümlərinə səbəb olan məmur, general övladlarının statusunu da üstələyib.

Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi, Xəzər Dəniz Gəmiçiliyi idarəsinin keçmiş rəisinin oğlu, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Novruzəli Orucovun oğlu kimi yüksək mənsəbli şəxslərin ailə üzvləri törətdikləri səs-küylü cinayətlərə görə həbs olunublar. 

Bu da ondan irəli gəlir ki, prezident İlham Əliyev məmurların ailə üzvlərinin törətdikləri əməllərə görə cəzasız qalmayacağını, hər kəsin qanun qarşısında bərabər olduğunu qəti bəyan edib. Belə hallara qarşı barışmaz mövqe ortaya qoyub. İndiki halda isə biznesmen oğlunun törətdiyi cinayəti ört-basdır etməyə nail olublar.
Polkovnik öldürən Xaliq Faiqoğlunun istintaqı “donub”

Bu hadisənin ört-basdır edilməsi “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, “Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. 

Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb. 

Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir.

Necə olub ki, 3 tondan çox ağırlığa malik, yüksək sürətlə hərəkətdə olan cipin vurub xurd-xəşil etdiyi piyada hospitala aparılandan və orada keçinəndən sonra onun “öz əcəli ilə öldüyü” qənaətinə gəliblər?

Tibbi savadı olmayanlara belə aydındır ki, əgər insan bu cür ağır fiziki xəsarətlər alırsa onun yaşamaq şansı qalmır. Lakin həkimlər bütün bu fiziki xəsarətləri bir kənara qoyaraq xəstənin “ürək tutması” nəticəsində “biloji ölümünün” baş verdiyini göstəriblər.

Doğrudanmı bu rəyi verənlər işin qapalı qalacağına əmin idilər və faktın nə zamansa mətbuata çıxacağını nəzərə almamışdılar?

Axı prezident bəyan edib ki, heç bir kəs atasının vəzifəsindən asılı olmayaraq, qanun qarşısında bərabərdir...O zaman marşrut biznesmeni öz oğlunun polkovniki öldürməsinə görə məsuliyyətə cəlb olunmasının tərəfdarı olmalıdır. 

Axı onun sahibi olduğu avtobuslardan birinin sürücüsü hansısa piyadanı öldürsə, eyni şəkildə müdafiə etməz...?!


Digər xəbərlər

0.25555396080017