Sahil Babayevdən şəhid vərəsələrinə cavab

23:32 13-11-2018 | icon 3664
Sahil Babayevdən şəhid vərəsələrinə cavab

Nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşan şəhid vərəsələrini qəbul edib.

Bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov verib.

F. Talıbov nazirin vərəsələrin şikayətlərini dinlədiyini və onlara birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedurun izah olunduğunu qeyd edib: “Ötən dövrdə sığorta ödənişi almaq üçün rəsmiləşdirilmiş sənədlərin mövcud olduğu və rəsmi şəkildə onlara təqdim edildiyi bildirilib.

Bundan başqa, S. Babayev narazı qalan vərəsələrə nazirliyə rəsmi şəkildə müraciət etmələrini təklif edib”.

 

Nazir jurnalistlərə açıqlamasında da şəhid vərəsələri ilə görüşünə toxunub.

S. Babayev bildirib ki, əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul edib, şəxsən dinləyib:

“Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil”.

Nazir əlavə edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır: “Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Onların böyük əksəriyyəti dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmirlər. Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin, 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz, qanuna görə bunun üçün 5 il müddət nəzərdə tutulur, 5 ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil”.

Babayev eyni zamanda əlillik dərəcəsinin verilməsi ilə bağlı imtina məsələsində də ciddi problemlərin olduğunu dilə gətirib.

Onun sözlərinə görə, əlillik dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə işçi qrupu yaradılıb.

“Son 3 ayda bizə daxil olan imtinalar diqqətlə araşdırılır. Bu müddət ərzində 730 imtina olub .Yəni bunlarda haqlılıq payı olduğuna görə onların şikayəti qəbul olunub. Ancaq yerli səhiyyə orqanları 630 sənədi səhv göndərib. Bu da haradasa 85 faiz edir. Yəni yerlərdə əlilliklə bağlı həkimlər tərəfindən düzgün yoxlama aparılmır. Daha doğrusu əlilliyi müəyyən edən 88 saylı forma düzgün tərtib edilmir və sənədin doldurulmasında ziddiyətlər mövcuddur. Belə ki, sənədin bir müddəa digərini təkzib edir. Ona görə də biz bununla bağlı regoinlarda treninqlər keçiririk ki, əlilliyi düzgün formalaşdırsınlar. Hətta bununla bağlı səhiyyə naziri ilə də görüşüm olub. Nazirlə söhbət zamanı bildirdim ki, bu imtina verilibsə, bunu ya bizimkilər, ya da sizin həkimlər yanlışlığa yol verib. Görüşün məqsədi bunun mənbəyini tapmaq idi. Araşdırma nəticəsində bəlli oldu ki, əlilliyin müəyyən edilməsində səhiyyə orqanlarında yanlışlığa yol verilib. Bununla bağlı cəzalandırma sistemi yaradılır və hətta bir çoxları cəzalandırılıb. İnanaıram ki, 3-4 aydan sonra bu problem aradan qalxacaq”.


Digər xəbərlər

0.26651406288147