Bakıda ilk 100 gün - 6 il sonra

23:58 20-11-2018 | icon 2370
Bakıda ilk 100 gün - 6 il sonra

 Rəşad HƏSƏNOV

Avqustun ortasından Bakıya qayıtmışam. Bugün qayıtmağımdan 100 gün keçir.

Son altı ili dünyanın ən yaşamalı şəhəri olan Melburnda yaşamışam. Bu altı ildən sonra Bakıya qayıtmaq (müvəqqəti olsa belə) və uyğunlaşmaq çətin olacaq deyə düşünürdüm. Hər halda, Bakı ilə Melburn arasında yaşayış tərzi, maraqlar, hobbilər baxımından kifayət qədər fərqlər var. Ancaq adaptasiya gözlədiyimdən daha asan oldu.

Bütün bunlara baxmayaraq, Bakıda olduğum ilk 100 gün ərzində maraqlı müşahidələrim oldu. Bu yazıda həmin müşahidələri bölüşmək istəyirəm. Əvvəlcədən deyim ki, aşağıdakı müşahidələrin bəziləri çox xırda, bəziləri böyük müşahidələrdir. Bəziləri neqativ, bəziləri pozitiv, bəziləri isə, sadəcə müşahidədir. Bəziləri yeni, bəziləri isə təkrar müşahidələrdir…

Başlayaq xırda məsələlərdən.

Liftin çağırılması

Fikir verdim ki, Bakıda yuxarı mərtəbəyə qalxmaq istəyən bir çox şəxs lifti yuxarıdan çağırarkən aşağı düyməsini basır. Elə bil ki, yuxarı mərtəbədə olan liftə “düş aşağı” deyir, yuxarı qalxmaq istəməsinə baxmayaraq… Bunu yaşadığım binada da, ADA Universitetində də, dövlət idarələrində də müşahidə etmişəm.

 

Piyada keçidi mədəniyyəti

Piyada keçidinə fikir verən çox az adam var. Bir çox hallarda ətrafda polis və ya kamera yoxdursa, piyada zolağının başlanğıcında 20-30 saniyə gözləyəndən sonra kimsə yol verir. Maraqlısı isə odur ki, yol verənlər belə, bunu minnət ilə edirlər. Yoldaşlar, başa düşmək lazımdır ki, sürücünün yol verməsi piyadaya elədiyi yaxşılıq yox, onun birbaşa borcudur. Çox təəssüf ki, əvvəlki illərlə müqayisədə bu sahədə geriləmə müşahidə etdim.

Bankomatdan pul çıxarmaq

Bilmirəm bütün banklarda belədir ya yox. Və ya bilmirəm məndə VÖEN-ə bağlı kartdır deyə belədir ya yox. Amma Kapital Bank kartımdan pul çıxaranda vergidən əlavə (VÖEN-ə görə 1% vergi) bankomat ödənişi də tutur. Yəni, ümumi məbləğın 2%-i komissiya kimi ödəyirəm. Deyilənə görə, başqa banklarda da belədir.

Biabırçılıqıdır bu. Ümid edirəm, kimsə mənə yaxşı iazahat verər və məni aydınladar. Hələliksə, başa düşə bilmirəm niyə Kapital Bank öz kartından öz bankomatı vasitəsilə pul çıxaranda komissiya tutsun.

Avstraliyada bir neçə ay öncə ölkənin 4 ən iri bankı öz aralarında razılaşdılar ki, ümumiyyətlə bankomat xidmətinə görə əlavə ödəniş tutmasınlar. Yəni Commbank müştərisi ANZ bankın bankomatından belə pul çıxarırsa, buna görə əlavə ödəniş etmir. Biz isə…

 

Poçt xidməti

Müşahidə etdim ki, bizdə poçt xidmətləri hələ çox geridədir. Qonşu Türkiyədən belə nəyisə sifariş edib gətirmək uzun çəkir. Ebay-dən və digər onlayn saytlardan alınan məhsullar da mən gözlədiyimdən daha gec gəlir. Poçta gedib götürmək istəyəndə də ona görə əlavə ödəniş edirsən. Niyə? Tam anlaya bilmirəm.

Taksi və xəritə

Taksilər haqda biraz ərtaflı aşağıda yazacam. Amma xırda bir müşahidə: bir çox taksi sürücüsü GPS-ə baxmağı özünə ayıb bilir. Bir neçə dəfə bunun əziyyətini də çəkmişəm, amma xeyri yoxdu. Demək olar ki, bütün sürücülərimiz “daha yaxşı ara yol” bilir.

 

Ciddi məsələlər

Bərabərsizlik

Keçək növbəti məsələyə. Hо очень важно məsələyə (c). Azərbaycanda iqtisadi bərabərsizlik artıb. Əvvəlki illərlə müqayisədə bərabərsizliyin artımını çox sadə 3 göstəricinin artımında tapmaq olar:

  • Taksi sürücülərinin
  • Körpə baxıcılarının (“nyankaların” ); və
  • Xadimələrin

Hər 3 göstəricidə çox artım müşahidə etdim. Ətrafda biraz pul qazanan bütün tanışlar taksidən istifadə edir, evində isə xadimə və/və ya “nyanka” köməyindən istifadə edir. Bu o deməkdir ki, bir qrup insan yaxşı pul qazana bilir. Orta təbəqədə olmalı olan digər bir qrup insan isə yuvarlanıb bir pillə aşağıya. Təəssüf ki, əlimdə bunları təsdiq edəcək rəqəmlər, məlumat (data) yoxdur. Ona görə yuxarıdakı fikirləri sırf müşahidələrə əsaslanıb deyirəm.

İnflyasiya

Krizisdən sonra ölkədə biraz sakitlikdir. Dollar stabilləşib. Amma krizis bizə çox dərin iz qoyub getdi- qiymət artımı. İnflyasiya hətta yüksək maaş alanların belə alıcılıq qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Bir çox hallarda, qiymətləri Melburn ilə müqayisə etmək olar. Orta gəlir səviyyəsində kəskin irəliləyiş olmayan bir ölkədə inflyasiyanın bu səviyyədə olması vəizyyəti ürəkaçan etmir.

Maraqlısı odur ki, qiymətlər bəzi sahələrdə ümumiyyətlə ağılasığmaz dərəcədə yuxarıdır. Məsələn, götürək elə maşın qiymətlərini…

Ümid edirəm, 2019-cu ildə qiymətlər stabilləşər.

Unudulmuş krizis

Krizis dedim, başqa bir müşahidə yadıma düşdü. Belə görürəm ki, krizisi artıq unutmuşuq. Krizisdən dirçəlməyə başladığımız 2017 və dirçəliş ili olan 2018-ci illər institusional yaddaşımızdan krizisin silinməsinə səbəb olur. İnsanlarda manata inam bərpa olunur (yavaş-yavaş), mənzil qiymətləri qalxmağa başlayır və bu kimi digər xırda pozitiv dəyişikliklər müşahidə olunur.

Son iki ildə krizis bir çox islahatlara təkan verdi. Bu baxımdan, ümid edirəm ki, dirçəlişdən sonra belə islahatlar davam edəcək.

Metronun tezliyi

Avstraliyada Maliyyə Nazirliyində çalışdığım dövrdə bir müddət nəqliyyat sahəsindəki layihələri qiymətləndirirdim. 2018-ci ilin büdcəsinə bəzi metro xəttlərində tezliyin pik vaxtı 5-10 dəqiqə arasına endirilməsi layihəsini daxil etmək istəyirdilər. Bahalı layihə olduğundan dövlət bunu qəbul etmədi.

Bakıda arada metrodan istifadə edirəm və gördüyüm mənzərə odur ki, bizdə metro tezliyi pik vaxtlarında 1 dəqiqə civarındadır. Düzdür, bir dəqiqədən bir gələn qatarlarda belə sıxlıq çox olur. Ancaq istənilən halda, qatarların bu sıxlıqla gəlməsi sevindirici haldır. Görünür, Avstraliyanın da bizdən öyrənəcəyi şeylər var .

Bakıda sıxlıq

Sıxlıq dedim, başqa bir məsələ yadıma düşdü. Bakıda sıxlıq var. Danılmaz bir həqiqətdir ki, Bakı şişib. Hər dəqiqə qatar gəlsə belə qatarın içi doludursa, səhər 11-də və ya günorta 3-də yollarda tıxac varsa, 20 metrdən uzağı maneəsiz görə bilmirsənsə, demək ki, şəhər tuta biləcəyindən daha çox adamı qəbul edib.  Bu çox ciddi problemdir.

Adamı yandıran isə odur ki, çox sadə həll yolu var. Ən azından problemi qismən həll etmək çox sadədir. Bakıda olan 3-4 universiteti (və ya bəzi korpuslarını), bəzi dövlət idarələrini Şamaxıya, Lənkərana və digər regional mərkəzlərə köçürmək olar. Bu ideya çoxlarının ağlına gəlib. Ancaq çox yaxşı olardı ki, bu barədə bir araşdırma aparılsın.

Yenə də, Avstraliya təcrübəmdən misal gətirim. Viktoriya Ştatının Yollar idarəsi (VicRoads) öz əsas ofisini Melburndan regional şəhər olan Ballarata köçürməyi planlayırdı. İqtisadi modellər qurduq, bu köçürmənin Ballaratda iş yerlərinə, yerli ictimai iaşə obyektlərinə (restoran, kafe və s.), ev qiymətlərinə və digər göstəricilərə təsirini hesabladıq, bu qərarın Melburndakı sıxlığı necə təsir edəcəyi barədə proqnozlar verdik və nəticədə qərar qəbul etdik.

Əminəm ki, Azərbaycanda də belə bir araşdırma aparılsa, yuxarıda dediyim dəyişikliklərin edilməsinin Bakıdakı tıxacı azaltmaqla yanaşı, yerlərdə iş yerlərinin açılmasına, əhalinin güzaranının yaxşılaşdırılmasına töhfə verəcəyi aydınlaşacaq.

Eksperiment kimi yalnız universitetlərdən başlamaq olar. Bu, tələbələr üçün də xoş olmazmı? Yəni özünüz fikirləşin. Bir 18 yaşlı tələbəya daha xoş olmazmı, Qəbələdə kampusda dostları ilə yaşasın, dərsi olmayan günlərdə qalxıb dağda xizək sürsün?


Digər xəbərlər

0.29699301719666