Azərbaycanda ilk fermer kooperativi yaradıldı

18:38 22-11-2018 | icon 3074
Azərbaycanda ilk fermer kooperativi yaradıldı

Sabirabad rayonunun Beşdəli və Yaxadəllək kəndlərində yaradılmış “Birlik” İstehsal Kooperativinin təqdimat mərasimi keçirilib. 

Mərasimdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, kooperativin üzvləri, media nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında bildirib ki, nazirlik ilk gündən kooperativlərin yaradılmasını dəstəkləyib: “Bu iş könüllülük əsasında həyata keçirilir, heç kimi kooperativ yaratmağa məcbur edə bilmərik. Lakin biz də Kənd Təsərrüfatı Nazirliyi olaraq kiçik pay torpağı olan vətəndaşların öz torpaqlarını birləşdirərək kooperativ yaratmasını həmişə dəstəkləmiş və təbliğ etmişik. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir və  fermerlərin gəlirlərini daha da artırır”. 

Nazir Sabirabad rayonunda ilk kooperativin yaradılmasının təşəbbüskarlarını təbrik edib: “Bu addımın digər rayonlar üçün də uğurlu nümunə olacağına inanıram. Bu təşəbbüsü dəstəkləyirəm, mənə verilən məlumata görə, kooperativin 680 nəfər üzvü var. Bu gündən məni də bu kooperativin 681-ci üzvü saya bilərsiniz”.

Kooperativin sədri Şamil Əliyev yeni yaradılan qurumda 680 vətəndaşın birləşdiyini deyib. Kooperativin ümumi sahəsi 850 hektar əkin sahəsini əhatə edir, bu isə orta hesabla adambaşına 1,25 hektar torpaq sahəsi deməkdir. Şamil Əliyev kooperativ üzvlərindən 380 nəfərin kişi, 300 nəfərin isə qadın olduğunu deyib. Onun sözlərinə görə, artıq ilk təşəbbüs beynəlxalq qurumların diqqətini cəlb edib və bu günlərdə İsraildən gəlmiş ekspertlər kooperativin əkin sahələrindən analiz üçün nümunələr götürüblər.

 


Digər xəbərlər

0.2196991443634