Bakının yeni turizm xəritəsində “Kənddən Şəhərə” mağazasının yeri qeyd olunacaq

20:19 23-11-2018 | icon 3051
Bakının yeni turizm xəritəsində “Kənddən Şəhərə” mağazasının yeri qeyd olunacaq

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Dövlət Turizm Agentliyi tabeliyində Bakı Turizm İnformasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında faydalı əməkdaşlıq və birgə tədbirlər həyata keçirərək turistlərin kənd təsərrüfatı məhsulları haqqında maariflənməsini təmin etmək, Bakıda və ümumiyyətlə bütün ölkədə aqrar turizmin inkişafına dəstək göstərməkdir. Birgə əməkdaşlıq kənd təsərrüfatında və Bakıda turizmin inkişafına öz töhfəsini verməyi, xüsusilə, Azərbaycan məhsullarının ölkəmizdə səfərdə olan xarici ölkə vətəndaşlarına tanıdılmasını hədəfləyib. 

Mərasimdə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov rəhbərlik etdikləri qurumların fəaliyyəti haqqında qonaqlara məlumat verib, birgə əməkdaşlığın perspektivləri, planlaşdırılan və görüləcək işlər haqqında təqdimat ediblər. 
Bildirilib ki, Dövlət Aqrar Ticarət Şirkətinin markası olan “Kənddən Şəhərə” məhsulları, mağaza və yarmarkasının həm yerli, həm də əcnəbi turistlərə tanıdılmasında hər iki qurum arasında ortaq tədbirlər həyata keçiriləcək. Bakının yeni hazırlanan turizm xəritəsində “Kənddən Şəhərə” mağazasının yeri xüsusi qeyd olunacaq, mağazaya əcnəbi turistlərin turları təşkil olunacaq və yerli təbii kənd təsərrüfatı məhsullarının turistlərə tanıdılması işi həyata keçiriləcək. Həmçinin, Turizm Agentliyinin iştirak edəcəyi beynəlxalq sərgilərdə "Kənddən Şəhərə" brendi təqdim ediləcək. 

Natiqlər imzalanan Əməkdaşlıq Memorandumunun kənd təsərrüfatı məhsullarının turistlərə tanıdılması istiqamətində iki qurumun birgə fəaliyyəti üçün baza sənəd rolunu oynayacağını və ölkəmizdə aqrar turizmin inkişafına töhfə verəcəyini vurğulayıblar. 

 



Digər xəbərlər

0.28813004493713