“Abel müəllimin içki içdiyini görməmişəm” - Şeyx təyyarə olayından danışdı

10:07 26-11-2018 | icon 3432
“Abel müəllimin içki içdiyini görməmişəm” - Şeyx təyyarə olayından danışdı

“Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları”.

Bunu “Yeni müsavat”a Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Madrid səfəri zamanı Abel Məhərrəmovla bağlı baş verənlərə münasibət bildirərkən deyib.

O, ümumiyyətlə keçmiş rektorla bağlı mediada yayılan xəbərləri təkzib edib: “Amma qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyə görəsə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var. media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər? Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digər tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm.

Tədbirimiz yüksək səviyyəli bir konfrans idi. 260 nəfərdən çox nüfuzlu qonaq vardı. Orda mən də, Siyavuş müəllim də, Abel müəllim də çıxış etdik. Axırda da prezident həzrətlərinin məktubu oxundu. Burda bəzi şeylər yazırlar, mən Bakıya gələndən sonra oxudum. Guya məni nömrədən çıxarıb dəvət ediblər. Belə şey olmayıb”.

A.Paşazadə deyib ki, oteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən otelin foyesində oturub çay içirmişlər: “Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik. Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər. Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri — Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi.

Anar müəllim bizim ötən illərdə İspaniyada keçirdiyimiz konfranslarda da iştirak edib. Mən keçən il İspaniyada konfransdan sonra Bakıya qayıdanda prezident cənabları ilə görüşümüz oldu və mən orda səfirimizin müsbət fəaliyyətini,  gördüyü işləri qeyd elədim. Prezident bundan məmnun qaldı. Biz Abel müəllimlə illərlə dostuq, münasibətimiz olub. Ona böyük hörmətim var. Uzun illər İlahiyyat fakültəsində imtahan komissiyasının sədri olmuşam, universitetdə dərs demişəm, professor  olmuşam, birgə tədbirlər keçirmişik. O işdən azad ediləndə mən burda olmamışam, qayıdandan sonra telefon açmışam. Ancaq hələlik danışa bilməmişik, mümkündür ki, xəbərsiz olub.

O ki qaldı Abel müəllimin rektorluqdan azad edilməsinə, bu prezident cənablarının müstəsna səlahiyyətidir. Heç kimin bu işə qarışmağa ixtiyarı yoxdur. Prezident kimə görəsə kimisə işdən azad etmir. Bu gün işdən azad edib, bəlkə gələcəkdə başqa yerdə lazım olacaq? Bu işə Abel müəllimin oğlunu, qardaşlarını qarışdırmaq, mən elə bilirəm ki, çox böyük haqsızlıqdır”.

“Şəxsi münasibətləriniz necədir? Bu tədbirdən sonra Abel Məhərrəmov, ya da Siyavuş Novruzovla aranızda soyuqluq yaranmayıb?” sualına şeyx belə cavab verib: “Yox, heç bir soyuqluqdan söhbət gedə bilməz. Mən onunla bu gün də dostam. Mən onun oğluna oğlum kimi baxıram, nəvəsinə nəvəm kimi. O da mənə qarşı elədir. Bizim aramızda heç bir problem yoxdur. Siyavuşu da oğlumdan, qardaşımdan ayırmıram. Vaxtilə onun nikahını da mən kəsmişəm. Bir böyük, agsaqqal olaraq özümə hər zaman ondan yalnız ehtiram görmüşəm”.


Digər xəbərlər

0.26647114753723