2 min manata çay, MDB-də ilk meyvə... - Lənkərandan reportaj

17:01 28-11-2018 | icon 3358
2 min manata çay, MDB-də ilk meyvə... - Lənkərandan reportaj

Uzaq Yaponiya torpaqlarından gətirilmiş hallabonq meyvəsinin adı qulağımıza o qədər tanış olmasa da, artıq 3 ildir ki, Lənkəran təsərrüfatlarında əkilir. 

Azeripress.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları da hallabonq bağı ilə yaxından tanış olmaq üçün ölkənin sitrus cənnəti Lənkərana üz tutub. 

Hazırda 10 hektar ərazini əhatə edən bu təsərrüfatda 3791 ədəd ağac əkilib. Portağal və naringinin hibridi olan bu meyvə təbii seleksiya yolu ilə alınıb. Azərbaycan dünyada hallabonqun yetişdirildiyi 5-ci ölkədir, MDB-də isə ilk. hallabonq normalda hər ağaca 35-40 tona yaxın məhsul verir ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. 

Lənkəran şəhər meyvə bağlarının baş nəzarətçisi Rahab Əmirlinin sözlərinə görə, sahədən 2016-cı ildə 10 ton məhsul götürüldüyü halda, bu il 100-120 ton məhsul götürülməsi planlaşdırılıb:

“Onun 50-60 tonu ixrac olunacaq. Qalanı isə yerli bazara çıxarılacaq. Düzdür, hələ ki, insanlar bu meyvəni bazarda elə də yaxşı tanımır, ancaq zaman keçdikcə dadını bilənlər adını da biləcək. Məhsuldarlığı yüksək olur. Əsas əlaməti isə toxumsuz olmasıdır. Şirinliyinə isə söz yox”. 

Yaxşı qulluq olunduğu halda il ərzində 4-5 dəfə məhsul verən hallabonqun kilosu 5-10 manat arasında dəyişir. 

Lənkərana üz tutmuşkən məşhur çay bağlarına baş çəkməmək olmaz. Burada salınmış plantasiyalar dünyanın ən qiymətli çay növlərindən hesab edilərək paytaxt bazarlarında müxtəlif qiymətlərə, hətta 280 manata da satılır. 

Bizim olduğumuz “Yaşıl çay” fermer təsərrüfatı şəhərin İstisu qəsəbəsində salınıb və burada Kalxidze çay növü əkilir. Bazara çıxarılan məhsulların qiyməti isə daha münasibdir: 8-100 manat arası.

Təsərrüfat rəhbəri Araz Yaqubovun sözlərinə görə, çay plantasiyası 70 ha ərazidə salınıb. Digər ərazilərdə isə sitrus bitkiləri becərilir. 

“Plantasiya ilə yanaşı, bizim mini emal seximiz də var, məhsulumuzu burada emal edib, bazara çıxarırıq. Artıq Rusiya bazarında böyük ticarət şəbəkəsi çayımızın hamısını almaq istədiyini bildirib. Çayçılıq haqqında dövlət proqramına uyğun olaraq, 2027-ci ildə artıq çay plantasiyasını 120 hektara çatdırmağı planlayırıq. Hazırda ailə üzvlərilə birlikdə 100 nəfərədək işçi çalışır, onların da əksəriyyəti qadınlardır. Qadının işləməsi onun ailədə bərabərhüquqlu üzvü olması deməkdir”.

Fermerin sözlərinə görə, hətta kilosu 2 min manata satılan çaylar da var, ancaq onun yığımı xüsusi aparılır: “Elə çaylarımız da var ki, onun qiyməti daha bahadır. Baha çayı səhər saat 6-da günəş doğmamış 1 saat ərzində yığılır və xüsusi texnologiya ilə hazırlanır. Bu çay çox məhdud çəkidədir və onun qiyməti 500 manatdan 2 min manat arasında dəyişir. Bu çaylar əsasən Avropa bazarına çıxarılır”.

 








Digər xəbərlər

0.28222489356995