“Necə olur ki, ögey bacı- qardaş ailə üzvü sayılır, nəvə-baba yox?”

19:21 30-11-2018 | icon 2997
“Necə olur ki, ögey bacı- qardaş ailə üzvü sayılır, nəvə-baba yox?”

Parlamentdə Vergilər Məcəlləsinə edilən dəyişikliklərin müzakirəsində bir sıra maraqlı təkliflər səsləndirilib. Iclasda çıxış edən deputat Əli Məsimli deyib ki, yeni dəyişiklikdə qeyd edilib ki, qeyri-neft sektoru və qeyri-dövlət sektoruna  aid olan sahələr 7 il müddətinə vergidən azad ediləcək:

“Burada qeyri-dövlət sektorunun hansı sahələri əhatə etdiyini  araşdırmağa və sərhədləri müəyyən etməyə ehtiyac var.  İnsanlar  bununla bağlı bizə müraciətlər edirlər. Cavab da verilib ki, bu sərhədləri Nazirlər Kabineti müəyyənləşdirəcək. Xahiş edirəm ki, Nazirlər Kabineti bu sərhədlərin müəyyənləşməsi ilə bağlı tez qərar qəbul etsin ki, qeyri-müəyyənləşmə qalmasın”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, Bakının yükünün azaldılması üçün ilk növbədə, ikinci böyük şəhərimiz olan Gəncədə Bakı Dövlət Universiteti kimi yeni bir universitet açılsın: “Həmçinin sahibkarlara da imkan yaradılmalıdır ki, onlar iş yerlərini ikinci böyük şəhərdə açmağa maraqlı olsunlar. İndi prezident tərəfindən ora insanların problemləri olanda onların ayağına gedən və sahibkarları mütəmadi qəbul edən yeni başçı təyin edilib. Bu baxımdan da ikinci böyük şəhərimizi inkişaf etdirməyə ehtiyac var”.

Deputat Çingiz Qənizadə  öz növbəsində nəvələrin və babaların Vergilər Məcəlləsində ailə üzvləri sırasına daxil edilməməsinə etiraz edib: “Bu məsələ hüquq sistemində də problem yaradır. Çox vaxt notariuslar şikayət edir ki, bu Vergilər Məcəlləsindəki boşluqla əlaqədardır. Necə olur ki, ögey bacı- qardaş ailə üzvü sayılır, amma bir yerdə  yaşayan baba və nəvələr ailə üzvü sayılmır?  Xahiş edirəm ki, yeni məcəllədə bu məsələ nəzərə alınsın” .

 Spiker Oqtay Əsədov isə sözügedən Məcəlləyə dəyişikliklərin inqilabi xarakterli olduğunu bildirib və deputatları indidən onu yükləməməyə çağırıb.

Vergilər naziri Mikayıl Cabbarov isə Ç. Qənizadəyə cavab olaraq bildirib ki, bu məsələyə İşçi Qrupu səviyyəsində baxıla bilər: “Amma əslində bu məsələdə problem yoxdur. Onlar da məntiqlə ailə üzvləri hesab olunur”.


Digər xəbərlər

0.29381895065308