Robot qapıçının da qatıldığı “Bakutel”in sərgisindən reportaj - Fotolar

20:31 05-12-2018 | icon 3523
Robot qapıçının da qatıldığı “Bakutel”in sərgisindən reportaj - Fotolar

Dünya futbol ulduzlarını məğlub edən “RoboKeeper”, sürücülərin səhhətini xəbər verən ağıllı jiletlər,  məktəblilərin dron yarışları və daha nələr-nələr.

Artıq dünəndən etibarən ölkəmizdə ənənə halına çevrilmiş “Yüksək texnologiyalar həftəsi”nə start verilib. Belə ki, 4-7 dekabr tarixlərində baş tutacaq 25-ci “Bakutel” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edilir.

Builki sərgidə  nə az, nə çox 20 ölkədən 230 şirkət iştirak edir.

“Bakutel” yüksək texnologiyaların tətbiqi ilə əyləncəli məhsulların təqdim edildiyi unikal platformadır. Odur ki, bu unikallığı elə foyedən başlayaraq istər rəqqasların texno-rəqsində, istərsə də əyləncə ilə elmin birləşdirildiyi stendlərdə görmək olar. Bu il oyun zonası foyedə yerləşib və burada rəqəmli muzey, məktəblilər üçün “First Lego League” turniri, “Yüksəklik” kompüter oyunu və ən əsası ilk dəfə olaraq “Bakutel” sərgisində alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “RoboKeeper” təqdim olunur. “RoboKeeper” – dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Neymar, Messi və Ronaldinyo kimi dünya futbol ulduzları bu qapı keşikçisini məğlub edə bilməyiblər.

Sərgi çərçivəsində zallarda quraşdırılmış pavilyonlara nəzər salırıq. Telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən, nanotexnologiyalar, müxtəlif layihələr və eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri nümayiş olunur.

Sərgi sadəcə informasiya texnologiyalarının tanıtımı ilə məhdudlaşmır, həmçinin işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovun sözlərinə görə, MHM-in pavilyonunda “Mobil Cihazların Qeydiyyatı Sistemi”, ““AzDoc” sənəd dövriyyəsi proqramı”, “Korporativ mobil imza”, “SSL təhlükəsizlik sertifikatı”, “Elektron imzaların ölkələrarası qarşılıqlı tanınması” sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər nümayiş olunur. Onlardan ən önəmlisi Mobil Cihazların Qeydiyyatı Sistemidir:

“Ölkədə mobil cihazlar sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə İMEİ kodların qeydiyyatı prosesi davamlı olaraq aparılır.İMEİ kodların qeydiyyat sisteminin yeni modulu, yeni rüsumların tətbiq edilməsi üçün şərait yaratdı. Bu sistem bazarın sağlamlaşdırılmasına, rəqabət mühitinin formalaşdırılmasına imkan yaradır”.

 “AzDoc” sənəd dövriyyəsi proqramı haqqında da məlumat verən E. Əsədov bildirib ki, bu proqram müəsissə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən yeni bir alətdir. Proqram artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur.

Bundan başqa, bu günə qədər həm dövlət, həm də özəl saytların xaricdən əldə etdiyi SSl təhlükəsizlik sertifikatı gələn ildən etibarən ölkəmizdə veriləcək.

Sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsi prototipi təqdim olunub.

Nümayiş olunan “Smart safe” depozit avadanlığı gələn ildən etibarən bir çox ictimai yerlərdə quraşdıracaq və 7 gün 24 saat ərzində zəruri poçt xidmətlərinin göstərilməsi mümkün olacaq.

Bundan başqa, yaxın zamanlarda fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar, bayram günləri də vətəndaşlara xidmət göstərən“Şəbəkə” mərkəzinin Bakı Beynəlxalq Avtovağzal Kompleksində istifadəyə veriləcək.

Kompleksdə tətbiq olunancaq yeniliklərdən biri də inşa edilən Nəqliyyat qovşağının yaxın günlərdə istifadəyə veriləcəyidir. Bəhs etdilən nəqliyyat qovşağının beynəlxalq, şəhərlərarası və Bakı şəhərində yaşayan sərnişinlərin ümumi gəliş nöqtəsi rolunu oynayacaq. Qovşaq, xüsusilə, Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən avtobus və sərnişinlərin rahatlığına xidmət edəcək. Təqdim edilən layihədə avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin vahid məkanda yerləşdirməsi nəzərdə tutulub.

 “Ağıllı Şəhər” pilot layihəsi vasitəsilə sürücülərin səhhətləri ilə bağlı və avtobusda yaranabiləcək problemləri dərhal onlayn rejimdə sürücünü xəbərdar etmək üçün ağıllı jiletlər nəzərdə tutulub.

Bakutel” sərgisinin təşkilatçıları sənaye liderləri və dövlət strukturları ilə yanaşı, gənc layihəçilərə də geniş imkanlar yaradır. Bu il sərgidə müxtəlif innovasiya mərkəzlərini təmsil edən rekord sayda – 50-dən artıq startap təmsil olunub. Bakıda və regionlarda keçirilən “İdeyadan Biznesə” startap turunun finalçıları, “Barama” (“Azercell Telecom”) və “AppLab” (“Bakcell”) biznes-inkubasiya mərkəzləri də iştirak edir.

Azərbaycanın milli brendi Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) məktəblilərin dərsdən kənar elmi yaradıcı potensialını inkişaf etdirmək üçün “Mən Pilotam” adlı layihəsini təqdim edib. Layihə dron istehsalı , dron tədrisi və dron yarışması olaraq 3 hissədən ibarətdir.

2016-cı ilin may ayından kiçik startap şəklində fəaliyyətə başlayan “Green Baku” Ekoloji dəftərxanasının məqsədi təkrar emal olunmuş materiallardan Azərbaycanda ilk dəfə ekoloji təmiz dəftərxana brendi yaratmaqdır.

Şirkətlər, idarələr və ya təhsil mərkəzləri üçün istifadəyə verilmiş ümumi quiz, imtahan və anket platforması olan Ustad (Appoll) tətbiqinin ümumi yüklənmə sayı 13 milyondan çoxdur.

 “Braille Teach” görmə məhdudiyyətli şəxslərə “Brayl” əlifbasını səsli və interaktiv yolla (müxtəlif dillərdə) öyrədən cihazdır.

Başqa bir startap “Noahland” Naxçıvanda ekstremal turizm və camping təşkil edən ilk şirkət olacaq.(qafqazinfo) 






Digər xəbərlər

0.31106400489807