“Heydər Əliyev hədiyyəni görəndə hıçqırıb ağladı” - Eks-merin xatirələri

16:00 06-12-2018 | icon 3003
“Heydər Əliyev hədiyyəni görəndə hıçqırıb ağladı” - Eks-merin xatirələri

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ölümündən 15 il ötəcək.  Moskvanın keçmiş meri Yuriy Lujkov Heydər Əliyevlə bağlı xatirələrini “Moskva-Baku” portalı ilə bölüşüb. Xatirələrinə keçməzdən əvvəl keçmiş mer oxucuları azərbaycanca “Salam, əziz Azərbaycan dostlarım” deyə salamlayıb:

“Heydər Əliyev təkcə postsovet məkanında görkəmli fiqur deyildi. Mən onu hələ sovet dövründən tanıyıram. Onun haqqında çox danışmaq olar, lakin yenə də buna vaxt çatmayacaq. O, memarlığı, iqtisadiyyatı mükəmməl bilirdi...

Yeni dövrlər onun üçün faciəli mərhələ idi...20 yanvar 1990-cı illər...Bu hadisələr Heydər Əliyevi çox təşvişə salırdı. Hadisələr onun şəxsiyyətinə, baxışlar sisteminə, düşüncələrinə, prinsiplərinə, məqsədlərinə təsir edirdi. Bütün bunlar onu Sovet İttifaqı rəhbərliyi, ilk növbədə, Mixail Qorbaçovun bacarıqsızlığına qarşı etiraza təhrik edirdi. 

Daha sonra Sovet İttifaqının süqutu və müstəqil dövlətlərin formalaşması baş verdi. Bütün bunlar çox çətin və qarışıq siyasi, xüsusən də, iqtisadi mühitdə cərəyan edirdi. Elçibəy peyda oldu. Onunla görüşdüm və o vaxtki təəccübümü xatırlayıram. Elçibəy tərcüməçi vasitəsilə danışdığı həmin an məni həqiqətən də heyrətləndirdi. Mən isə gəlmişdim ki, Azərbaycana qida məsələlərinin həllində yardım edim... Elçibəy tərəfindən bu, tamamilə faydasız, lüzumsuz nümayiş idi. 

Azərbaycan xalqı onu əsl dövlət başçısı kimi qəbul etmədi və 1993-cü ildə hakimiyyətə Azərbaycan xalqının tələbi ilə Heydər Əliyev gəldi. Azərbaycan onun qayıdışı sayəsində qısa zamanda ayağa qalxdı. Lakin Heydər Əliyevin obrazını tamamlayan daha bir məqam var. Sizə bir hadisə danışacam, yəqin ki, bunu Azərbaycanda çoxları bilmir. 

O, çox yaxşı ailə başçısı idi. Gözəl həyat yoldaşı vardı. Çox təəsssüf ki, həm də Heydər Əliyevin kədəri idi, çünki ondan çox əvvəl dünyadan köçdü. Əvvəlcə Zərifə Əliyeva Moskva qəbiristanlığında dəfn edilmişdi. Hər həftə Heydər Əliyev həmin qəbiristanlığa gedirdi, dəqiqələrlə qəbirin, sevimli arvadının yanında əyləşirdi. Emosiyasız, ancaq dövlətdən, irimiqyaslı, dünyəvi problemlərdən danışan insan kimi qəbul edilən dövlət xadiminin ailəsinə qarşı belə hissləri tamamilə qeyri-adi şeydir. 

Sizə təkcə Heydər Əliyevlə mənim, bəlkədə ailə üzvləri, uşaqlarının bildiyi daha bir hekayə danışacam. Biz onunla çox yaxından dostluq edirdik. Bakı səfərlərimdən birində ona qeyri-adi hədiyyə gətirdim. Heydər Əliyevin həyat yoldaşına aid bir büst tapmışdım. Onun bu büstün varlığından xəbəri yox idi. Böyük bürünc büst hələ həyat yoldaşının sağlığında hazırlanmışdı. Onu məşhur və mənə çox yaxın olan heykəltəraşdan tapmışdım”. 

Lujkovun sözlərinə görə, Əliyevlə danışıqlardan sonra axşam yenidən görüşməklə bağlı razılıq əldə edirlər və eks-mer ona hədiyyəsinin olduğunu deyir:

“O isə “Axı niyə, biz ki belə yaxınıq, yaxşı əlaqələrimiz var. Hədiyyə nəyə gərəkdir? Bütün bunlar bizim münasibətlərdə artıqdır” dedi. Mən isə “Heydər Əliyev, gəlin qonşu otağa keçək və siz başa düşəcəksiniz mən niyə sizə bu hədiyyəni etmək istəyirəm” söylədim. 

Qonşu otağa keçdik, mən Zərifə Əliyevanın büstünün üstündəki örtüyü açanda onun göz yaşlarını gördüm, daha sonra hıçqırığa keçdi. Başa düşürsünüz, o öz sevgisini gördü, o gördü ki, bu sevgi fiziki olaraq getsə də, lakin belə gözəl maddi təcəssüm alıb.

Mən başa düşdüm ki, nəinki emosiyaları olan, həm də öz həyat yoldaşını əsl sevən, uşaqlarını, xalqını sevən bir insanla iş görürəm”. 


Digər xəbərlər

0.31151509284973