Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar

08:50 10-12-2018 | icon 4323
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar

ARDNŞ-nin birinci vitse-prezidenti: “Fərman Salmanov SSRİ rəhbəri Xruşşova belə bir teleqram göndərmişdi: “Mən nefti tapdım. Bax belə. Salmanov”

Bu günlərdə iki əfsanəvi neftçimizin adı medianın gündəmində oldu: Fərman Salmanov və Sabit Orucov. Rusiyanın iki aeroportuna onların adının verilməsi ilə bağlı aparılan kampaniyanın yekununda Fərman Salmanovla bağlı xoş xəbər aldıq. Belə ki, onun adı Surqut aeroportuna verildi. Digər soydaşımızla bağlı isə hələlik son qərar bəlli deyil. İstənilən halda, Rusiya kimi nəhəng ölkədə məşhurlar sırasına daxil olan S.Orucovu bir daha hörmətlə xatırladıq. Bu iki məşhur neft mütəxəssisi barədə SOCAR-ın birinci vitse-prezidenti, Azərbaycanın tanınmış mühəndis-geoloqu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Xoşbəxt Yusifzadə ilə söhbət etdik. Fürsətdən istifadə edib qocaman neft mütəxəssisinə digər suallar da ünvanladıq. 

- Xoşbəxt müəllim, siz 65 ildən çoxdur ki, neft-qaz sənayesi sahəsində çalışırsınız. Yəqin ki, adları Rusiyaya səs salan Fərman Salmanov və Sabit Orucov haqqında xəbərlər sizi də çox sevindirdi. Olsun ki, bu əfsanəvi insanlar haqqında demək istədikləriniz var. Onlarla bağlı nə kimi xatirələriniz var?

- Əfsanəvi geoloq Fərman Salmanovun adının Surqut aeroportuna verilməsi şəxsən məni və Azərbaycan neftçilərini ürəkdən sevindirdi. Belə də demək olar ki, çəkilən zəhmət hədər getmədi, haqq-ədalət bu dəfə də zəfər çaldı. Mən o aeroporta Fərman Salmanovun adının verilməsinə sadə bir məsələ kimi baxmıram. Hesab edirəm ki, o aeroportdan havaya qalxan təyyarələr hər dəfə həm Fərman Salmanovun, həm də vətənimiz Azərbaycanın adını göylərə ucaldacaq. 

Təəssüf ki, Sabit Orucovun adının əbədiləşdirilməsi hələlik mümkün olmayıb. Çox istərdik ki, Rusiyanın Novıy Urenqoy şəhərinin aeroportuna da bu görkəmli neftçi alimin və məşhur dövlət xadiminin adı verilsin. İstənilən halda, onun xatirəsi bizim üçün həmişə əzizdir. 

Ötən əsrin 40-cı–80-ci illərində keçmiş SSRİ-də neft işinin istedadlı təşkilatçılarından və rəhbərlərindən biri kimi tanınmış Sabit Orucovun xatirəsi  böyük ictimai fikrin qələbəsi ilə bir daha qeyri-rəsmi də olsa, əbədiləşdirildi. Bu xəbəri eşidəndə xəyal məni  ömrümün arxada qalmış illərinə apardı, Sabit Atababa oğlu ilə görüş və söhbətlərimizi, Xəzərin qoynundakı neft buruqlarına səfərlərimizi xatırladım və o, özünün böyük zəkası, möhkəm iradəsi, səmimiyyəti və qayğıkeşliyi ilə gözlərimin önündə yenidən canlandı. 1945-1948-ci illərdə Sabit Orucov “Azneftkombinat” rəisinin müavini, “Azneft” və “Krasnodarneft” birliklərinin baş mühəndisi kimi çalışıb. 1948-ci ildə  Azərbaycanın həm dənizdəki, həm də qurudakı perspektivli sahələrində kəşfiyyat işlərini bir əldə cəmləşdirmək üçün “Azneftkəşfiyyat” birliyi yaradılıb. Birliyin rəisi vəzifəsinə Sabit Orucov təyin edilib. Neft kəşfiyyatçıları yeni neft və qaz yataqları aşkar etməli, açıq dənizə çıxıb, oradakı iri strukturlarda neft-qaz axtarışına başlamalıydılar.

Xoshbext Yusfzade3.jpg (151 KB)

Sabit Orucovun rəhbərliyi ilə  onlar bu işin öhdəsindən uğurla gəldilər. 1949-cu il noyabrın 7-də  açıq dənizdə sahildən 40 kilometr uzaqda məşhur “Neft Daşları” yatağı kəşf olundu. Azərbaycanın adı dünya tarixinə dənizdə neftçıxarmanın pioneri kimi düşdü. 1972-ci ildə Orucov SSRİ qaz sənayesi naziri təyin olundu və 1981-ci ildə dünyasını dəyişənədək böyük bir ölkənin iqtisadiyyatının aparıcı sahələrindən birinə müvəffəqiyyətlə rəhbərlik etdi. O, SSRİ dənizlərində neft və qaz yataqlarının kəşfiyyatı sahəsində həqiqətən də əsl inqilab etdi. Sabit Orucov SSRİ-nin qaz sənayesi naziri təyin ediləndə ölkədə ildə 80 milyard kubmetr qaz hasil edilirdisə, onun rəhbərlyi dövründə qaz hasilatı 270 milyard kubmetrə çatdı, sonralar isə 600 milyard kubmetri ötüb keçdi. Sibirin SSRİ-də başlıca qaz hasilatı regionu kimi tanınması da nazir Sabit Orucovun gərgin fəaliyyətinin nəticəsidir. Tümen vilayətində qaz hasilatı 1972-ci ildəki 11,6 milyard kubmetrdən 1980-ci ildə 144 milyard kubmetrə çatdı.

Qərbi Sibirdə Sabit Orucovun ən dəyərli “övladlarından” biri Urenqoy yatağıdır. 1973-cü ildə o, həmin yataqda olub və gələcək Novıy Urenqoy şəhərinin təməl daşını şəxsən özü qoyub. 1980-ci ilin iyun ayında Novıy Urenqoy şəhər statusu alıb. Sabit Orucovun dünyasını dəyişdiyi 1981-ci ildə Urenqoy yatağından yüz milyardıncı kubmetr qaz çıxarılıb. Ölümündən sonra Urenqoy qaz hasilatı istehsalat birliyinə S. Orucovun adı verilib. Sabit Orucovun ürəyində böyük bir dəniz sevgisi vardı. Dənizdə işləməyi o, çox sevirdi. Təsadüfi deyil ki, keçmiş SSRİ dənizlərində, o cümlədən Xəzərdə, Ağ dənizdə, Baltik və Oxot dənizlərində axtarış-kəşfiyyat işlərini genişləndirmək üçün o, SSRİ-nin qaz sənayesi nazirliyində xüsusi bir baş idarə yaratmışdı. Sovet dövlətinin rəhbərləri, o cümlədən Sov.İKP MK-nin Baş katibi Brejnev, SSRİ Nazirlər Sovetinin sədri Kosigin, SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakov Sabit Orucovu çox yaxşı tanıyır və ona  hörmət edirdilər. 1980-ci ildə Sov.İKP MK-nin Siyasi Bürosunda ona Sosialist Əməyi Qəhrəmanı adının verilməsi məsələsi müzakirə ediləndə Brejnev demişdi ki, axı, onun yubileyi deyil, bu adı ona necə verək, Kosıgin cavab vermişdi ki, yubileyi olanda Sabit Atayeviçə başqa bir  mükafat verərik. İndi isə biz ona böyük xidmətlərinə görə mükafat verək. Həqiqətən də Sabit Orucov Sovet İttifaqı üçün, o cümlədən Rusiya üçün böyük işlər görmüşdü. Onun böyük xidmətləri keçmiş İttifaqın Sosialist Əməyi Qəhrəmanı adına, Lenin, Stalin və Dövlət mükafatlarına layiq görülmüşdü. O,  iki Lenin ordeni, dörd Qırmızı Əmək Bayrağı ordeni ilə, bir çox medallarla təltif edilmişdi.

Xoshbext Yusfzade1.jpg (138 KB)


- Fakt budur ki, sovet dövründə  irəliyə gedənlərimizə həmişə qısqanc münasibət, təzyiqlər olub. O vaxt bu iki məşhur neftçiyə dayaq olanlar var idimi?

 - Nikolay Konstantinoviç Baybakov da, Valentin Dmitriyeviç Şaşin də bizdən - Bakıdan getmişdilər, onlarla da fəxr edirik. Baybakov institutu Azərbaycanda bitirmişdi, Azərbaycanda işləmişdi. Baybakovun Şaşindən fərqi onda idi ki, o, Azərbaycanda işləmişdi, əsgərliyə gedib-gəlib, yenə işləyib. Ovaxtkı “Leninneft”in rəisi olmuşdu. Buradan Moskvaya gedəndə, əvvəl nazirlikdə işləyib, sonra “Qosplan”da. Şaşin isə institutu bitirən kimi burdan gedib və Tatarıstanda çalışıb. Baybakovla Şaşin üçün orda inkişaf etmək asan idi. Amma Fərmanla Sabit azərbaycanlı idilər, gərək ətrafındakılardan bir neçə baş üstün olasan ki, Moskvada, Rusiyada o hörməti qazanasan. O boyda sovet dövlətinin Neft Nazirliyində əvvəlcə birinci müavin işləyəsən, sonra da gedib qaz sənayesi naziri olasan. Bu, elə də asan məsələ deyildi. Ona görə də biz belə soydaşlarımızla fəxr etməliyik. Orucovun irəli getməsinin səbəblərindən biri Baybakovun orada olması idi. Baybakov Orucovu yaxşı mütəxəssis kimi tanıdığı üçün onu çəkib Moskvaya apardı. Eyni zamanda bunların bacarığı, gördükləri işlər...Fərman isə institutu qurtarıb getmişdi Sibirə. Orda da öz ağlı, zəhməti, işi ilə yüksəlmişdi.

Neft sənayesi elə idi ki, bizim mütəxəssislər təcrübəliydi. Mən özüm Azərbaycanda işləyirdim və Moskvada  mənə də çox hörmət edirdilər. Məni  SSRİ üzrə yataqların işlənməsi sahəsində Mərkəzi Komissiyanın üzvü etmişdilər. Azərbaycana ən yüksək münasibət o oldu ki, 70-ci ildə Xəzərdəki bütün işləri mütəxəssislərimizin təcrübəsini nəzərə alaraq Azərbaycana tapşırdılar, cənubdan-şimala qədər biz işlədik, ta Sovet hökuməti dağılanacan. Başda oturanların ki, kökləri neftçi idi, özü də Azərbaycandan getmişdilər – elə Baybakovu götür-onlara münasibət başqa idi,  bizim mütəxəssislərə  başqa.

Xoshbext Yusfzade2.jpg (112 KB)

- Xoşbəxt müəllim, Sabit Orucov və Fərman Salmanovla bağlı başqa hansı xatirələriniz var?

- Moskvada  bir gün Sabit müəllimi nazirliyin dəhlizində gördüm. Dedim Sabit Atayeviç, sizin qəbulunuza  düşmək olmur. Dedi bilirsən nə var? Sən mehmanxanada rahat dincəlirsən, saat 10-da, 11-də durub gəlirsən yanıma. O vaxt da qızlar səni içəri buraxmırlar, çünki, bilirlər nazir bərk məşğuldur. Sən mənim yanıma gəlmək istəyirsənsə, saat 9-un yarısında gəl, otur kabinetimin qarşısında. Mən gələn kimi səni görüm, keçək içəri. Ertəsi gün dediyi vaxt gəldim. Məni görən kimi qayıtdı ki, bax, bu, başqa məsələ, indi keç icəriyə (gülür). Çox səmimi insan idi.

Mən məşhur neftçi-geoloq Fərman Salmanovu da yaxşı tanıyırdım. Tanışlığımız tələbəlik illərində başlanmışdı. Azərbaycan Sənaye İnstitunda- indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində o, məndən iki kurs aşağıda oxuyurdu. 1954-cü ildə Fərman institutu bitirəndə mən artıq Neft Daşlarında işləyirdim. Onu isə Sibirə-Kemerova vilayətinə göndərmişdilər. Burada o, əvvəlcə Plotnikovski ekspedisiyasının rəisi, daha sonra Qrayznenski ekpedisiyasının baş geoloqu vəzifələrində çalışıb. Amma çox keçmədən belə  fikrə gəlib ki, Kuzbasda neft axtarışının mənası yoxdur və bu, perspektivsiz bir işdir; Nefti Sibirin başqa regionlarında axtarmaq lazımdır. 1957-ci ildə Fərman Salmanov təkcə işini, vəzifəsini deyil, hətta taleyini təhlükə qarşısında qoyaraq, heç kəsdən icazə almadan və heç kəsə xəbər vermədən ekspedisiyasını Surquta apardı. O vaxt Mockvada və Kemerovada Fərman Salmanovun bu hərəkətini özbaşınalıq və avantüra kimi qiymətləndirib,  barəsində cinayət işi açmağa hazırlıq görüblər. Ondan tələb ediblər ki, Surqutda qazmanı dayandırsın, dövlətin pulunu və texnikasını boş-boş işlərə sərf etməsin. Fərman isə Moskvadan aldığı teleqramlara məhəl qoymayıb və işini davam etdirib. Nəhayət, 1961-ci il martın 21-də bizim Novruz bayramımız günündə Surqutda Fərman Salmanovun rəhbərlik etdiyi kollektivin Megion kəndi yaxınlığında qazdığı ilk quyu 2180 metr dərinlikdən güclü neft fontanı vurub. Az sonra Fərman Salmanovun Ust-Balık rayonu ərazisində qazdığı ikinci quyu da güclü neft fontanı vurub. Bu dəfə Fərman SSRİ rəhbəri Nikita Xruşşova belə bir teleqram göndərib: “Mən nefti tapdım. Bax belə. Salmanov”.

- Çox maraqlı faktdır...

- Bir dəfə mən Tümendə ezamiyyətdə oldum, SSRİ Neft Sənayesi Nazirliyinin keçirtdiyi geniş müşavirədə iştirak etdim və təbii ki, Fərman Salmanovla da görüşdüm. Biz tələbəllik illərimizi xatırladıq, neft sənayesinin problemləri barəsində fikir mübadiləsi etdik. Orada mən sibirlilərin, Tümen camaatının Fərmana necə böyük hörmət və məhəbbət bəslədiyinin şahidi oldum. Hamı onun qayğıkeşliyindən və düzlüyündən ağız dolusu danışırdı.

- Siz Fərman Salmanovun dəfnində də iştirak etmisiniz, eləmi?

- Bəli. Fərman Salmanov dünyasını 2007-ci il martın 31-də dəyişdi. Rusiya və Azərbaycan ictimaiyyəti üçün bu, ağır itki idi. Respublika qəzetlərində Azərbaycan rəhbərliyinin, elmimizin və neft ictimaiyyəti nümayəndələrinin imzaladıqları nekroloq dərc edildi. Prezident İlham Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından Fərman Salmanovun qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verdi. Aprelin 3-də isə Moskvanın Vaqankovo qəbiristanında mərhumla vida mərasimi oldu. Prezident  İlham Əliyevin tapşırığı ilə mərasimdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla, Sənaye və Energetika naziri Natiq Əliyevlə və Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə birlikdə mən də iştirak etdim. Mərasimdə prezident İlham Əliyevin mərhumun ailəsinə başsağlığı  oxundu. Valeh Ələsgərov, Polad Bülbüloğlu və mən mərasimdə çıxış etdik. Tələbəlik illərindən tanıdığım Fərman Salmanov haqqında xatirələrimi söylədim.  Qeyd etdim ki, o, dahi geoloq, dahi neftçi və yorulmaz tədqiqatçı idi. O, Sibiri, bu sərt və nəhəng diyar isə onu şöhrətləndirdi. Mərasimdə çıxış edən Rusiya nümayəndələri Fərman Salmanovu gözəl insan və böyük mütəxəssis kimi xatırladılar.

Qeyd edim ki, Rusiya Federasiyasının və müstəqil Azərbaycanın ictimaiyyəti Fərman Salmanovun xatirəsini daim əziz tutur. Rusiyada onun adı neft və qaz yataqlarına, teploxoda, təyyarəyə, küçəyə və gimnaziyaya verilib. Surqutda, Salexard və Xantı-Mansiysk şəhərlərində adidələri ucaldılıb. Surqut aeroportuna bu görkəmli geoloqun adının verilməsi Rusiya dövləti qarşısında onun xidmətlərinə verilən qiymətin yeni təzahürüdur.

- Eşitdiyimə görə, o vaxt sizi də SSRİ-nin Neft Sənayesi Nazirliyində işləmək üçün Moskvaya dəvət edibmişlər. Doğrudurmu?

Xoshbext Yusfzade4.jpg (126 KB)

- Doğrudur. 1965-ci ildə məni  Moskvaya, SSRİ-nin cənub-şərq neftli-qazlı rayonları üzrə Baş idarənin baş geoloqu vəzifəsinə aparırdılar. Məni və rəhmətlik Mənsur Əhmədovu. Ona  da baş idarənin baş mühəndisi vəzifəsini təklif etmişdilər. Bakıda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində  razılıq verdik, getdik Moskvaya. Amma Moskvada iki gün qalandan sonra fikrimizi dəyişdik. Baş idarənin rəisi Əli Qarayevə dedik ki, burda qalmaq  istəmirik. O da əsəbiləşdi, düşdü bizim üstümüzə ki, belə olmaz, qalmalısınız. Sonra da bizi apardı Neft Sənayesi naziri Şaşinin yanına. Nazir də bizimlə danışıb dedi ki, hər birinizə gözəl iş təklif olunub, məsləhətdir ki, burada qalıb işləyəsiniz. Amma biz Qarayevə dediyimizi Şaşinə də dedik. Bildirdik ki, Bakıya qayıtmaq istəyirik. O da üzünü idarə rəisinə tutub dedi ki, qalmaq istəmirlərsə, qalmasınlar, onları zorla saxlamayacağam ki! Beləcə biz Bakıya qayıtdıq. 

- Qayıtdığınıza görə peşman deyilsiniz ki?

- Xeyr. O vaxt 35 yaşım var idi. Həyatım Bakıda keçmişdi. İndi birdən-birə moskvalı olacaqdım?! Bir də ki, ev, uşaqlar, dostlar, tanışlar… Nə isə… Görünür, qismət belə imiş.

- Xoşbəxt müəllim, gənc nəsldən “gözünüz su içirmi?” Neft mütəxəssiləri sizi qane edirmi? Onlardan razısınızmı?

- Bir dəfə cavanlar məndən soruşdular ki, siz istərsinizmi biz sizin kimi olaq? Dedim ki, yox. Siz gərək bütün işlərdə bizdən qabağa gedəsiniz. Amma adət-ənənələri, böyüyə hörməti qoruyub saxlayın. Hərdən yaşlıların da sözünə qulaq asın. Ümumən gənclərimizdən çox razıyam. Onların arasında biliklərə, elmə həvəs göstərən ağıllı, istedadlı oğlanlar, qızlar çoxdur. Bizim bacarıqlı, mütəxəssislərimiz həmişə olacaq. Həyat daim inkişaf edir,  insanları da inkişafa yönəldir. Amma  gənclərə deyə bilmərəm ki, mən neçə kitab oxumuşamsa, siz də o qədər oxuyun.  İndi kompüter, mobil telefonlar... O qədər yenilik var ki!  Bu gün innovasiyalar dövrüdür, gənclərə də tələbat başqadır. Amma mütaliə də lazımdır.

- Bildiyimizə görə, Siz də bu yaşınızda müasir texnologiyaları mənimsəyirsiniz...

- Bacardığım qədər məşğul  oluram. Gücüm çatdığı qədər.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Qəzet və jurnalları nəzərdən keçirirəm, maraqlı yazıları oxuyuram, bədii və sənədli filmlərə baxıram, televiziya verilişlərini müntəzəm izləyirəm. Mənə çoxlu kitab bağışlayırlar. Həm elmi, həm də bədii və publistik nəşrlər. Onlarla tanış olmaq, bəzən müəlliflərlə fikir mübadiləsi etmək lazım gəlir.

- Söhbətimizdə neftin qiymətinin ucuzlaşmasına toxunmasaq, düzgün olmaz. Çünki Azərbaycan üçün çox önəmli məsələdir. Uzun illərin təcrübəsi və müşahidələriniz nə deyir, Xoşbəxt müəllim?

 - Yenə də söz-söhbət başlanıb ki, neft bahalaşa-bahalaşa gedirdi, amma elə bil gözə gəldi, başladı ucuzlaşmağa. Politoloqlar, ekspertlər, iqtisadçılar mətbuat səhifələrində bu məsələni təhlil və şərh edirlər, proqnozlar verirlər, müxtəlif fikirlər irəli sürürlər. Həm də aydın görünür ki, heç kəs neftin qiymətinin aşağı düşməsini istəmir. Heç mən də istəmirəm və mənim həmkarlarım da istəmirlər. Amma gəlin özümüzdən soruşaq ki, dünyada vaxt-bivaxt ucuzlaşıb bahalaşmayan hansısa bir mal, məhsul varmı? Yoxdur elə bir məhsul! Qızıl da gah ucuzlaşır, gah  bahalaşır. Mən də ömrüm boyu  görmüşəm ki, neftin  qiyməti zaman-zaman dəyişib, bəzən ucuzlaşıb, bir barreli 9-10 dollara düşüb, bəzən də 100 dolları ötüb, kəlləçarxa çıxıb. Yəni burada dalğavari bir proses baş verir. Qabarma da olur, çəkilmə də. Bütün bunlar bir sıra amillərlə bağlıdır. İqtisadi amillər də var, güclü siyasi amillər və sair. (Musavat.com)


Digər xəbərlər

0.29295706748962