Prezident həkimlərlə görüşdü - Fotolar

19:23 18-12-2018 | icon 3285
Prezident həkimlərlə görüşdü - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 18-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, institutda konsultativ poliklinika, stasionar, diaqnostik tədqiqatlar və fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir. Tibb ocağının stasionar hissəsində terapiya, artrologiya və nevrologiya bölmələri olacaq. Diaqnostik tədqiqatlar bölməsində 3 laboratoriya yaradılıb. Kliniki-immunologiya, biokimyəvi və kliniki neyrofiziologiya laboratoriyalarında ən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri qısa müddətə, həm də keyfiyyətlə aparmağa hərtərəfli imkan verir. Müalicəvi şöbələrə isə Naftalan nefti ilə müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin müalicəvi bədən tərbiyəsi kabineti aiddir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundakı oftalmoloq, stomatoloq, terapevt, USM, EKQ, balneoloji vanna və digər otaqlar da müasir tibbi avadanlıqla təchiz olunub.

İnstitutun elm bölməsində 43 elmi işçi, klinika bölməsində 43 həkim, 76 tibb bacısı və 118 nəfər digər işçi olmaqla, burada ümumilikdə 280 nəfər çalışır. İşçilərin 20 nəfəri fəlsəfə doktoru, 3 nəfəri tibb elmləri doktoru, 2 nəfəri professor, 1 nəfəri isə professor, Əməkdar elm xadimi olmaqla AMEA-nın müxbir üzvüdür.

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

 

 






Digər xəbərlər

0.29655408859253