Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə edilib

09:54 25-12-2018 | icon 2600
Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri, Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Serbiya baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

 Şahin Mustafayevin Rasim Lyayiçlə görüşündə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Serbiya arasında 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Serbiya Prezidentinin 2018-ci ilin mayında Azərbaycana səfəri zamanı imzalanmış Strateji Əməkdaşlığa dair Birgə Fəaliyyət Planı, bu yaxınlarda Belqradda 5-ci iclası keçirilmiş Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır.

 

Rasim Lyayiç ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, Serbiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə danışıb. Qeyd olunub ki, Serbiya ticarət, investisiya qoyuluşu, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.  

Sonra İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Serbiyanın Ticarət, Turizm və Telekommunikasiya Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib. 

Tədbirdə rəsmi şəxslərlə yanaşı, turizm, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkarlar, eləcə də Serbiya və Azərbaycanın turizm təşkilatlarının nümayəndələri iştirak ediblər.

Şahin Mustafayev Azərbaycan və Serbiya iş adamlarının iştirakı ilə müxtəlif tədbirlərin - biznes forum, işgüzar görüş və s. keçirildiyini qeyd edib. Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, 2017-ci ildə ticarət dövriyyəsi 36%, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb.

İşgüzar dairələrin iştirakı ilə təşkil olunan tədbirlərin əhəmiyyətini qeyd edən Rasim Lyayiç 2019-cu ildə Serbiyada da iş adamlarının iştirakı ilə tədbirlərin keçirilə biləcəyini vurğulayıb. Serbiyaya investisiya qoyuluşu sahəsində tətbiq olunan güzəştlər barədə danışan Rasim Lyayic Azərbaycan iş adamlarını Serbiyaya investisiya yatırmağa dəvət edib. 


Digər xəbərlər

0.30620884895325