“Hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var” - İlham Əliyev

09:55 25-12-2018 | icon 695
“Hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var” - İlham Əliyev
loading...

“Bu gün məcburi köçkünlərin problemlərinin həlli işində növbəti önəmli addım atılır. Biz min mənzildən ibarət yeni şəhərciyin istifadəyə verilməsini birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Çox gözəl şəhərcikdir, böyük ərazidə yerləşir. Burada iyirmidən artıq çoxmərtəbəli yaşayış binası inşa edilib. Uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik gözəl məktəb, yəni burada normal yaşamaq üçün bütün imkanlar, bütün şərait var. Bu şəhərciyin istifadəyə verilməsi bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bizim üçün bu, prioritet məsələdir”.

Bu barədə prezident İlham Əliyev dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

 

İlham Əliyev bildirib ki, son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb: “Üç yüz minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır.

Bu il bu istiqamətdə çox böyük işlər görülüb. Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilmişdir.

Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub”.

Dövlət başçısının sözlərinə görə, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub: “O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır. Bu il “Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib.

Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklər”.

İ. Əliyev qeyd edib ki, bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklər salınıb: “Onların arasında iki layihəni xüsusilə qeyd etmək istərdim. Bu il Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatmışdır. Bildiyiniz kimi, keçən il mənim iştirakımla Cocuq Mərcanlıda köçkün qəsəbəsinin açılışı olmuşdur. O vaxt biz 50 evin açılışını qeyd etdik. Qarşıya vəzifə qoyulmuşdu ki, evlərin sayı daha da artmalıdır. Əlavə 100 evin tikilməsi də bu il təmin edildi. Bu, əlbəttə ki, tarixi hadisədir. Çünki uzun fasilədən sonra Cocuq Mərcanlıda həyat yenidən qurulur, vətəndaşlar öz doğma torpağında yaşayırlar, qururlar, yaradırlar. Bilirsiniz ki, orada bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. Biznes üçün də çox gözəl şərait yaradılıb. Hazırda 150 evdən ibarət qəsəbə bizim iradəmizin rəmzinə çevrilibdir. Bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Biz bunu Cocuq Mərcanlı qəsəbəsinin timsalında görürük. Çünki uzun illər başqa yerlərdə yaşamış Cocuq Mərcanlı sakinləri imkan olan kimi, əlbəttə, öz doğma kəndinə üz tutdular. Hətta Cocuq Mərcanlını görməyən uşaqlar, yeniyetmələr böyük həvəslə o kəndə üz tutub, orada - doğma torpağında öz həyatlarını qururlar.

Digər layihə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdir. O şəhərcik təxminən 1200 mənzildən ibarətdir. Hündürmərtəbəli binalar tikilib. O layihənin də əhəmiyyəti ondadır ki, vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda belə böyük, gözəl şəhərcik tikilib. Əlbəttə, hər bir köçkün şəhərciyinin istifadəyə verilməsi önəmli hadisədir və bizi, köçkünləri sevindirir. Ancaq bu iki layihəni xüsusilə qeyd etmək istəyirəm. Çünki məhz işğalçılardan azad edilmiş torpaqlarda biz bu gözəl şəhərcikləri qurmuşuq. Bu, bir daha onu göstərir ki, torpaqlarımız işğaldan azad olunandan sonra biz ermənilər tərəfindən dağıdılmış bütün şəhər və rayonlarımızı, kəndlərimizi bərpa edəcəyik. Buna bizim gücümüz də çatacaq, iradəmiz də var. Bizim siyasətimiz, bir daha demək istəyirəm ki, məcburi köçkünlərin problemlərinin həlli işinə dəstək verməkdən ibarətdir. Mən əminəm ki, bu gün hələ də işğal altında olan bütün torpaqlar azad ediləndən sonra o torpaqlarda gözəl şəhərlər, kəndlər yenidən qurulacaq. Azərbaycan xalqı işğalla barışmayacaq”.


Digər xəbərlər

0.30694818496704