“Biz istəyirik ki, Azərbaycan vətəndaşları mümkün qədər çox dil bilsinlər” - İlham Əliyev

09:04 26-12-2018 | icon 604
“Biz istəyirik ki, Azərbaycan vətəndaşları mümkün qədər çox dil bilsinlər” - İlham Əliyev
loading...

“Rus dilini bilmək həm tələbatdır, həm də bizim tarixi əlaqələrimizə hörmət əlamətidir”.

Bunu prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var və üç mindən çox məktəbdə isə rus dili tədris olunur:

 

“Müqayisə üçün deyə bilərəm ki, ölkədə cəmi 4,5 minə yaxın məktəb var. Yəni, bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur. 340-dan çox məktəbdə isə tədris rus dilində aparılır və bu məktəblərin sayı artır. Hazırda bizim rus dilini qorumaq üzrə siyasətimiz yaxşı nəticələr verir.

Mən tez-tez, xüsusən yeni dərs ili ərəfəsində məktəblərdə oluram. Görürəm ki, rus dilində yeni şöbələr yaradılır və buna ehtiyac var. Əlbəttə, ölkənin hər bir vətəndaşı, ilk növbədə, öz dövlət dilini bilməlidir. Bu cəhətdən bizim Azərbaycanda problem yoxdur”.

İ.Əliyev vurğulayıb ki, dövlət dili Azərbaycan dilidir, bütün kargüzarlıq işləri Azərbaycan dilində aparılır və belə də olmalıdır:

“Bu gün mən görürəm ki, buna cəmiyyətdə necə tələbat var. Buraya gələn milyona yaxın rusiyalı, fikrimcə, ilk növbədə, ona görə buraya gəlir ki, özlərini rahat mühitdə hiss edirlər. Bu da çox vacibdir. Buna görə də bizim rus dilini qorumaq, onun inkişafı üçün daha yaxşı şərait yaratmaq siyasətimiz tamamilə düzgündür və bunun müsbət nəticələrini görürük. Rus dilinə hörmət etməklə biz öz dilimizə qətiyyən xələl gətirmirik”.

Prezident sözlərinə əlavə edib ki, Azərbaycanın bugünkü inkişafı dünyaya, ilk növbədə, öz qonşularına açıq olmaqla milli maraqlarını, identikliyini qorumağın nümunəsidir:

“Biz son illərdə Rusiyanın iki aparıcı ali məktəbinin - Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filiallarını da yaratmışıq. Həmin filiallarda da tədrisi Rusiyadan olan müəllimlər rus dilində aparırlar. Buna görə də mədəni-humanitar sahə, təhsil sahəsi elə bir sahədir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dəstəklənməsinə kömək edəcək. Siz qeyd etdiniz ki, Sovet İttifaqının dağılmasından 27 il ötüb və yeni nəsil yetişib. Biz istəyirik ki, Azərbaycan vətəndaşları rus dilini də, ingilis dilini də və əlbəttə, ilk növbədə, öz ana dilini bilsinlər. Mümkün qədər çox dil bilsinlər və tərcüməçisiz rahat söhbət edə bilsinlər”.


Digər xəbərlər

0.18977689743042