İki rayonda şəhid ailələrinə və müharibə əlillərinə ev verildi - Fotolar

20:00 29-12-2018 | icon 4171
İki rayonda şəhid ailələrinə və müharibə əlillərinə ev verildi - Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şamaxı rayonunda 36 mənzilli yaşayış binasını,İmişlidə isə 54 mənzilli binanı şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

Nazirlikdən verilən məlumata görə, Şamaxıda mənzillərin təqdim olunması tədbirində icra başçısı Tahir Məmmədov və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli iştirak ediblər.

M.Kərimli bildirib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilməsi sahəsində işlər ildən-ilə gücləndirilir:

“Dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilməsi üçün əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Nəticədə, bu il həmin kateqoriyalardan olanlara təqdim olunan mənzillərin sayı 3 dəfə artaraq 626-ya çatıb. Bu isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən xüsusi qayğıdan xəbər verir”.

İmişlidə keçirilən tədbirdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev vurğulayıb ki, sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşılır. O, hazırda da mühüm sosial proqramların uğurla davam etdirildiyini və daha da gücləndirildiyini diqqətə çatdırıb.

Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən cari ildə görülən işləri qeyd edən H.Abdullayev vurğulayıb ki, dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı bu kateqoriyalardan olan insanların mənzillə təminatı proqramının xeyli güclənməsinə səbəb olub.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün digər istiqamətlərdə aparılan işlərdən də bəhs edən H.Abdullayev həmçinin, bu il 265 nəfər Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunduğunu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdiyini bildirib.

 

 





Digər xəbərlər

0.28996109962463