İsmayıllının heyvandarlıq təsərrüfatlarında baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

18:16 11-01-2019 | icon 2107
İsmayıllının heyvandarlıq təsərrüfatlarında baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Gürcüstanda əhali arasında yayılan "donuz qripi" (A-H1N1 tipi) xəstəliyinin Azərbaycana keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri görür.

Dövlət Baytarlıq Xidmətindən bildiriblər ki, belə tədbirlərdən biri də İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun İvanovka kəndində yerləşən Nikitin adına təsərrüfatda icra edilib. Baytarlıq mütəxəssisləri təsərrüfatda saxlanılan 198 baş donuza baxış keçirib, 3 aydan yuxarı donuzları qarayara xəstəliyinə qarşı peyvənd edərək 712 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

Baytar mütəxəssislər "donuz qripi" xəstəliyi barədə təsərrüfatda çalışanları bir daha məlumatlandırıblar. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Hazırda İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini təmin etmək məqsədilə 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərinin aparılmasına başlanılıb. “Keyvəndi AZZA Aqro" QSC-də 276 baş iribuynuzlu heyvanda qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılaraq, 197 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 1200 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri həyata keçirilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, "soyuq zəncir" rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq olunur.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilati tədbirləri davam etdirir.


Digər xəbərlər

0.26563596725464