Əliqismət Lalayev: "Prezidentin yeni Sərəncamı bütün yaradıcı kollektivlərin çiyinlərinə düşən məsuliyyəti daha da artıracaq"

14:01 17-01-2019 | icon 3507
Əliqismət Lalayev:

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar
2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə başçısının Sərəncamına
tanınmış rejissor, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar
Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin də
münasibətini öyrəndik.


“Hörmətli cənab Prezidentimizin 2019-cu ili Nəsimi ili” elan etməsi
haqqında tarixi qərarı Ulu Öndər Heydər Əliyevin xalqımız üçün gördüyü işlərin
uğurlu davamı, milli mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın
yüksək göstəricisidir. Bu addım Azərbaycanın zəngin tarixi-mədəni irsinin
qorunması, təbliği baxımından çox böyük töhfədir. Uzun illərdən bəri elmi-ədəbi
fikrin diqqət mərkəzində olan, milli-mədəni sərvətlər xəzinəsində özünəməxsus yer
tutan Nəsimi irsi bundan sonra daha geniş şəkildə araşdırılacaq, xüsusilə,
incəsənətin bir çox janrlarında Nəsimi mövzusunda yeni-yeni əsərlərin meydana
gəlməsinə təkan verəcək.


Hələ ötən ilin oktyabr ayında VI Bakı Beynəlxalq Humanitar Forumu
çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın aparıcı simalarının Nəsimi
yaradıcılığı ilə yaxından maraqlanmaları, onların Azərbaycan Dövlət Musiqili
Teatrında nümayiş olunan Xalq artisti, bəstəkar Firəngiz Əlizadənin “Nəsimiyə
ithaf” adlı balet-tamaşasını heyranlıqla izləmələri göstərdi ki, biz Nəsimini bütün
dünyaya tanıtmalıyıq.


Düşünürəm ki, Prezidentin yeni Sərəncamı bütün yaradıcı kollektivlərin
çiyinlərinə düşən məsuliyyəti daha da artıracaq - mədəniyyətimiz üçün əhəmiyyətli
şəxsiyyət, qüdrətli söz ustası Nəsimi haqqında ilboyu keçiriləcək tədbirlərin
gedişatında fəal iştirak etmək, yeni səhnə əsərləri hazırlamaq, yeni layihələri
reallaşdırmaq və geniş auditoriyaya təqdim etmək ümdə vəzifəmiz olmalıdır”-deyə
Ə.Lalayev bildirib.


Digər xəbərlər

0.37821698188782