20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

14:42 17-01-2019 | icon 2251
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

Müstəqillik tariximizin qanlı, lakin ən şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsinin 29-ci ilini xalqımız, bütün dünya azərbaycanlıları ötən illərdə olduğu kimi, bu il də milli azadlıq rəmzi kimi şərəflə qeyd edir.

Bu sözləri millət vəkili Nəriman Əliyev deyib.

O, bildirib ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləyib, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib. Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi və onun quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqillik ideyaları reallığa çevrildi.

Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş milli iqtisadiyyatımız dinamika, stabillik və dayanıqlılıq nümayiş etdirib. Hələ müstəqillik uğrunda ilk mübarizələr zamanı Azərbaycanın suveren, siyasi, sosial-iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi bir arzu idisə, bu gün müasir dünya arenasında tanınan, söz sahibi olan dövlətçiliyimiz artıq bariz reallıqdır.

Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq toplanmış maliyyə-iqtisadi potensial sayəsində Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslərə rəğmən dayanıqlılıq nümayiş etdirir, inkişafını davam etdirir, xalqın rifahı gündən-günə yaxşılaşır.


Digər xəbərlər

0.28107500076294