Bakıda qadın sahibkarların iştirakı ilə tədbir keçirilib

08:34 22-01-2019 | icon 2966
Bakıda qadın sahibkarların iştirakı ilə tədbir keçirilib

Yanvarın 21-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib. 

Tədbirin keçirilməsində məqsəd qadın sahibkarların işgüzar fəallığının artırılması, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin stimullaşdırılması, biznes fəaliyyətinin perspektivləri üzrə maarifləndirmə işlərinin aparılmasıdır.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında bildirib ki, hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər: “Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Eyni zamanda, ölkənin ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaratması istiqamətində işlər görülür. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4200-dək qadın sahibkara 104 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 8500-dən çox iş yerinin yaradılmasına imkan verir”.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə qadın sahibkarlığın inkişafının Agentliyin qarşısında duran əsas vəzifələrdən olduğunu, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindən olduğunu, qadınların bu prosesə cəlb olunmasının  əhəmiyyətini vurğulayıb, qadınların iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə məlumat verib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov çıxışında qeyd edib ki, Fond tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması və xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə xalçaçılıq, tikişçilik və digər daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanır və onlara təqdim edilir.

Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova, “TuranBank” ASC-nin “Qadın Bankçılıq” şöbəsinin müdiri Könül Paşa təmsil etdikləri təşkilatların qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlərdən danışıblar.

Sonda tədbir iştirakçıları qadın sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi ilə tanış olublar.

 



 

Digər xəbərlər

0.3009090423584