Samuxda epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

16:16 22-01-2019 | icon 3376
Samuxda epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

Cari ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinəyə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlərə start verib. Samux Rayon Baytarlıq İdarəsi də rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlarda saxlanılan heyvanlarda xəstəliklərin qarşısının alınması istiqamətində aparılan profilaktik tədbirləri davam etdirir. Bunun nəticəsidir ki, rayonda epizootoloji sabitlik qorunaraq saxlanılıb.

DBX-dən bildiriblər ki, Samux Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 6 sahə baytarlıq məntəqəsi vasitəsilə 36 kənd və qəsəbədə 23 min 515 baş iribuynuzlu, 147 min 177 baş xırdabuynuzlu və 2700 baş təkdırnaqlı heyvanda, 150 min başa qədər ev quşu və 3 min baş itdə peyvəndləmə, diaqnostik və seroloji müayinələrin aparılması nəzərdə tutulur.

Hazırda rayonun baytarlıq mütəxəssisləri iribuynuzlu heyvanlardan qan alaraq bruselyoza görə müayinənin aparılmasını təmin edir və qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirirlər. Bununla bərabər itlərə quduzluq xəstəliyinə qarşı vaksin tətbiq edilir. Görülən işlərdən sonra ərazilər və avadanlıqlar dezinfeksiya olunur. İribuynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirin fevral ayının sonunda başa çatdırılması nəzərdə tutulub.

Bu günlərdə rayonun “Bozdağ” heyvandarlıq kompleksində 3266 baş damazlıq heyvanda, ayrı-ayrı təsərrüfatlarda saxlanılan 1800 başdan çox iribuynuzlu və 320 baş təkdırnaqlı heyvanda qarayara, 428 baş itdə quduzluq əleyhinə peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 248 baş iribuynuzlu heyvandan bruselyozun müayinəsi üçün qan nümunəsi götürülərək 200 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.

Qeyd edək ki, 2018-ci ildə rayon ərazisində bruselyoz xəstəliyinin aşkar edilməsi və qarşısının alınması məqsədilə 5512 baş iribuynuzlu heyvandan, 2197 baş törədici qoçdan qan nümunələri götürülərək müayinə olunub. Bununla bərabər 22787 baş iribuynuzlu, 4928 baş cavan iribuynuzlu, 148902 baş xırdabuynuzlu, 2718 baş təkdırnaqlı heyvanda qarayara, 2988 baş itdə isə quduzluq əleyhinə peyvəndləmə aparılaraq 77777 kvadratmetr sahədə profilaktik, 5050 kvadratmetr sahədə məcburi dezinfeksiya və 24850 kvadratmetr sahədə isə dezinseksiya işləri görülüb.

Tədbirlərin icrası müddətində vətəndaşlar baytar həkimləri tərəfindən məlumatlandırılaraq maariflənmə işləri aparılıb.

Samux rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.


Digər xəbərlər

0.30430889129639