Ağstafada heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələrin icrasına başlanılıb

18:30 30-01-2019 | icon 6144
Ağstafada heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələrin icrasına başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, Ağstafa rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Hazırda Dövlət Baytarlıq Xidmətinin Ağstafa Rayon Baytarlıq İdarəsi ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 13834 baş iribuynuzlu, 1494 baş təkdırnaqlı heyvanda qarayara, 1822 baş qapı itində isə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparıb, eləcə də 954 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürüb və 3250 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görüb. Tədbirlər davam etdirilir.

Qeyd edək ki, 2018-ci ildə rayonda epizootik sabitliyi qoruyub saxlayan Ağstafa Rayon Baytarlıq İdarəsi 14 sahə baytar məntəqəsi vasitəsilə 1 şəhər, 1 qəsəbə və 29 kənddə mövcud olan 97 baş təkdırnaqlı heyvanda manqo (maleinizasiya), 2578 baş iribuynuzlu heyvanda vərəm xəstəliklərinə (allergik) görə diaqnostik, 5674 baş iribuynuzlu, 2826 baş törədici qoçlarda bruselyoz və infeksion epidedimitə görə seroloji müayinələr aparıb. Həmçinin 26465 baş iribuynuzlu, 3491 baş təkdırnaqlı, 171367 baş xırdabuynuzlu heyvanlarda, 6764 baş iribuynuzlu cavan heyvanlarda qarayara, 42514 baş iribuynuzlu, 101978 baş xırdabuynuzlu heyvanlarda dabaq, 6054 baş itdə quduzluq, 347172 baş quşda (“H” vaksini), 346767 baş cücədə (La-sota) taun, 359 baş atda qrip və rinopnevmaniya, 1813 baş iribuynuzlu, 1943 baş xırdabuynuzlu heyvanlarda leptospiroz, 114599 baş xırdabuynuzlu heyvanlarda çiçək, 11792 baş xırdabuynuzlu (Rev-1 vaksini), 4008 baş iribuynuzlu heyvanlarda bruselyoz (Brudoll A) və 29103 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparıb. Eləcə də başa vurduğumuz il ərzində rayonda 34190 kvadratmetr sahədə profilaktik dezinfeksiya işlərini yerinə yetirib.

Tədbirlər çərçivəsində baytar mütəxəssislər vətəndaşlar arasında maariflənmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və zoobaytar tələblərə ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verirlər.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra isə Ağstafa rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə, qoçlarda infeksion epidedimitə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur. 

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

 

 


Digər xəbərlər

0.28013300895691