Prezidentdən təşkilatlara çağırış - “Gəncləri önə çəkin”

10:53 02-02-2019 | icon 4180
Prezidentdən təşkilatlara çağırış - “Gəncləri önə çəkin”

“Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir”.

Bu fikirləri Prezident İlham Əliyev bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.

İlham Əliyev bildirib: “Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Mən bir daha demək istəyirəm ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Ölkə başçısı gənclərimizin torpaq, Vətən uğrunda vuruşduqlarını, şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu söyləyib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək. Bizim gənclərimiz bu gün sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir”.

Prezident Azərbaycanda könüllülər hərəkatının geniş vüsət aldığını qeyd edib: “Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır.

Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər. Biz bunu heç vaxt təsəvvür edə bilməzdik. İndi burada əyləşən gənclər sovet dövrünü xatırlamırlar, çoxları o vaxt heç doğulmamışdı. Ancaq o vaxt Azərbaycan idmanı sovet məkanında ön planda deyildi. Amma bu gün biz dünya miqyasında belə tarixi qələbələr qazanmışıq. Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşuq. Bu, bir daha göstərir ki, bizim gənc idmançılarımız nə qədər peşəkardır, iradəlidir, vətənpərvərdir.

Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin”.

Ölkə başçısının sözlərinə görə, gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər: “Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır”.


Digər xəbərlər

0.2683629989624