“Prezidentin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür”

10:18 15-02-2019 | icon 2982
“Prezidentin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür”

"Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında bu tezis dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir." 

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır:

 

“Cənab Prezident İlham Əliyevin bu günlərdə Beyləqan rayonuna səfəri də bu tərkibdəndir. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə göstərdiyi səmimiyyət diqqətdən kənarda qala bilməz. Möhtərəm Prezidentimizin rayon ictimaiyyəti ilə mehriban görüşləri, Beyləqan rayon sakini ilə birgə mahnı ifa etməsinin ictimaiyyət tərəfindən necə rəğbətlə, yüksək əhval-ruhiyyə ilə qarşılandığı sakinlərin fikirlərindən də aydın görünür. Bu səmimiyyət bir daha belə bir reallığa işıq saldı ki, İlham Əliyev hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə, daim çıxışlarında qarşıya qoyduğu bu tapşırığın- «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir» real həyatda ifadəsidir. Rayon sakinlərinin bildirdiyi kimi, vətəndaşlarla bir yerdə olmaq, onlara arxalanmaq, onlarla ünsiyyət yaratmaq, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab vermək qürurvericidir. Cənab İlham Əliyevin rayon sakinləri qarşısında «Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən sizin mənə olan inamınızdır» cavabı hakimiyyətin yeganə mənbəyinin xalq olmasının göstəricisidir. 

YAP Siyasi Şurasının üzvü açıqlamasında regional inkişaf proqramlarının uğurlu icrasından, cənab İlham Əliyevin Sərəncamı ilə regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsinin inkişafın davamlılığına geniş yol açmasından bəhs edib. Bu mühüm məqamı xüsusi vurğulayıb ki, yeni iş yerlərinin açılması yoxsulluğun aradan qaldırılması və məşğulluğun daha da artırılmasına öz müsbət təsirini göstərir. İstifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həllini təmin edir. Bu isə öz növbəsində sosial müdafiənin gücləndirilməsi deməkdir.

V.Rəhimzadə dövlət başçısı İlham Əliyevin bölgələrin potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlədiyi dövlət proqramlarının uğurlu nəticələrinə söykənərək bu fikri də açıqlayıb ki, bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb: “Hazırda Azərbaycanın hər rayonu, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Bütün rayonlar arasında sağlam rəqabət gedir. Cənab Prezident İlham Əliyevin açıqladığı statistikaya əsasən, ötən il Azərbaycanın bölgələrinə 24 səfər edib. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb. Bu sərəncamlar bölgələrimizdə yüksək nəticələrə yol açıb. İnsanların rahat, yüksək rifah şəraitində yaşaması prioritet məsələlərdəndir”.

V.Rəhimzadə vurğulayıb ki, xalq-iqtidar birliyi, eyni zamanda, vətəndaş amilinə verilən dəyərdən irəli gələrək qarşıya qoyulan tapşırıqların uğurlu icrası cəmiyyətdə yüksək ab-havanın yaranmasını şərtləndirir. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” vədini ölkə Prezidenti İlham Əliyev atdığı addımlarla, bütün fəaliyyəti ilə təsdiqləyir.


Digər xəbərlər

0.29603600502014