Prezident Dünya Bankının regional direktoru ilə görüşdü

21:24 20-02-2019 | icon 2989
Prezident Dünya Bankının regional direktoru ilə görüşdü

Fevralın 20-də Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon ilə görüşü olub.

Görüşdə dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı kimi vacib tədbirdə iştirakına görə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembona təşəkkürünü bildirib. Prezident İlham Əliyev Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə və Azərbaycanın reallaşdırdığı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə edib. Bu əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Prezidenti Dünya Bankı ilə işbirliyinin uzunmüddətli və məhsuldar olduğunu bildirib.

Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edən dövlət başçısı ötən il layihənin icrasında mühüm irəliləyişlərin olduğunu və bunun bu il də davam etdirildiyini deyib.

Davosda Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva ilə görüşünü xatırladan dövlətimizin başçısı həmin görüşdə gələcək əməkdaşlıq haqqında geniş müzakirələrin aparıldığını bildirib.

Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyevanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında dərin məzmunlu nitqində mühüm məsələlərə toxunduğunu vurğulayıb. Mersi Tembon Dünya Bankının baş icraçı direktorunun Davosda Prezident İlham Əliyev ilə görüşdən dərin təəssüratla ayrıldığını bildirib. Mersi Tembon Azərbaycan ilə Dünya Bankı arasında aparılan müzakirələrdə əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin reallaşdırıldığını deyib.

Prezident İlham Əliyev Kristalina Georgiyevanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Dünya Bankının baş icraçı direktoruna çatdırılmasını xahiş edib.

 

 

Digər xəbərlər

0.28633522987366