“Azərbaycan yığmasını seçməyimə peşman deyiləm” - Şeydayev

15:29 28-03-2019 | icon 2557
“Azərbaycan yığmasını seçməyimə peşman deyiləm” - Şeydayev

“Xorvatiyaya qarşı yaxşı oynadığımızı düşünürəm. Rəqibi əks hücumlarda tuturduq. Yalnız ona görə təəssüflənirəm ki, qarşılaşmadan xalsız ayrıldıq. Lakin buna çox yaxın idik. İstənilən halda, Zaqrebdəki oyunumuzu müsbət dəyərləndirmək olar. Düzü, oyundan öncə həyəcan var idi. Xorvatiyanın ulduzlardan ibarət komandası var. Tam qüvvəmizi ortaya qoymalı olduq. Litva ilə yoldaşlıq görüşünə isə yorğun çıxmışdıq. Şanslardan yararlana bilmədik və heç-heçə etdik”.

Bu sözləri milli komandamızın üzvü Ramil Şeydayev deyib.  

O, AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya qarşı keçirdikləri qarşılaşmanı dəyərləndirib. Rusiyanın “Krılya Sovetsov” klubunun futbolçusu Xorvatiya millisinin üzvü Luka Modriçə qarşı oynamağın böyük təcrübə olduğunu söyləyib: “Əlbəttə, Modriçlə eyni meydana çıxmaq xoş idi. O, ötən mövsümün yekununda "Qızıl top"u təsadüfi almayıb. Böyük təcrübəyə sahib olduğu oyun zamanı dərhal hiss olunur. Belə rəqiblə qarşılaşdıqda özün idmançı kimi inkişaf edirsən. Bu, qiymətsiz təcrübədir. Yeri gəlmişkən, özüm Madrid "Real"ına azarkeşlik edirəm. Təkcə Modriçə yox. O, “Tottenhem”də oynadığı vaxt həmişə “Arsenal”a azarkeşlik edirdim”. 

23 yaşlı hücumçu millimizin AÇ-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib: “Düşünürəm ki, mümkünsüz heç nə yoxdur. Baxın, seçmə mərhələdə nə qədər sensasiya, maraqlı süjetlər baş verir. Qrupumuzda yaxşı komandalar var. Biz ikinci yer uğrunda mübarizə aparmağa çalışacağıq”.  

Millimizin üzvü azərbaycanlı futbolçuların Rusiya çempionatıında oynamaq gücündə olduqlarını sözlərinə əlavə edib: “Çoxlarını sadalaya bilərəm. Amma konkretləşdirməyəcəyəm. Çünki bunlar subyektiv fikirlərdir. Futbolçu bir komandaya uyğun gəlir, digərinə yox. Hər şey baş məşqçinin baxışından asılıdır. Azərbaycanlı futbolçuların ustalıq səviyyələri isə lazımi səviyyədədir”. 

Şeydayev Azərbaycan millisini seçdiyinə görə özünü peşman hiss etmir: “Bu, düşünülmüş və çətin bir qərar idi. Bəli, bütün ömrümü Rusiyada keçirmişəm. Nüfuzlu turnirlərdə oynamaq istərdim. Amma Rusiyada davamlı beynəlxalq təcrübəmin olacağına zəmanət yox idi. Azərbaycanda isə mənə dərhal hiss etdirdilər ki, baş məşqçiyə lazımam. Azarkeşlər də məni isti qarşıladılar. Ona görə də müsbət və mənfiləri müqayisə etdikdən sonra razılaşdım. İndi buna görə təəssüflənmirəm. Son 3 ildə Almaniya, Çexiya, indi idə Xorvatiya kimi komandalara qarşı oynamışam. Bu, can atdığım şeydir”.

Şeydayev İngiltərənin “Arsenal” klubunun formasını geyinmək arzusunu gizlətməyib: “Bəli, “Arsenal”ın oyun üslübunu çox bəyənirəm. İlk kompyuterim olanda yalnız "Arsenal"ı seçib oynayardım. "Arsenal" arzu etdiyim klubdur. Əlbəttə, Henrik Mxitaryanın yolunu təkrarlamaq istərdim. Ancaq "Mançester Yunayted"dən ora keçməklə deyil. Ən yaxşısı burdan birbaşa “Arsenal"a getməkdir”.  


Digər xəbərlər

0.30689406394958